ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ tərəfindən ilhaq edilə biləcəyini deyib. Dünyanın ən böyük adası Şimal qütbü uğrunda Rusiya və Çinlə gedən geosiyasi mübarizədə Ağ Ev üçün mühüm üstünlük kimi görünür. Avropa İttifaqı və NATO-nun üzvü olan Danimarka Krallığına məxsus Qrenlandiyanın taleyi ciddi mübahisə predmetidir.
Modern.az Qrenlandiyanın zənginliklərini təqdim edir.
Qrelandiya ABŞ üçün niyə bu qədər vacibdir?
Adanı Birləşmiş Ştatların növbəti ştatı kimi görmək istəyən Tramp bunu ölkəsinin təhlükəsizliyinin qorunması fikiri ilə "əsaslandırır". Lakin beynəlxalq ekspertlər burada əsas məsələnin adanın qiymətli resursları olduğunu düşünür.
Yer kürəsinin ən böyük adası olan Qrenlandiya dünyanın ən zəngin təbii resurs ehtiyatlarından birinə malikdir.
Bu sərvətlərə yaşıl texnologiyalar üçün həyati əhəmiyyət daşıyan, lakin hasilatı və davamlılığı son dərəcə həssas olan litium və nadir torpaq elementləri kimi kritik xammallar, həmçinin digər qiymətli minerallar və metallar, eləcə də neft və qaz daxil olmaqla nəhəng həcmdə karbohidrogen ehtiyatları daxildir.
Qrenlandiyada buz örtüyünün dərin qatlarında yerləşən üç nadir torpaq elementi yatağı, həcminə görə dünyanın ən böyük yataqları sırasında ola bilər. Bu ehtiyatlar qlobal enerji keçidi üçün mühüm olan batareyaların və elektrik komponentlərinin istehsalı baxımından böyük potensial daşıyır.
Qrenlandiyanın karbohidrogen potensialının və mineral sərvətlərinin miqyası Danimarka və ABŞ tərəfindən mədənçilik kimi yeni fəaliyyət sahələrinin kommersiya və ekoloji baxımdan səmərəliliyinin araşdırılmasına təkan verib. ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə görə, Qrenlandiyanın şimal-şərqində yerləşən quru ərazilər (buzla örtülü sahələr də daxil olmaqla) təxminən 31 milyard barel neft ekvivalenti həcmində karbohidrogen ehtiyatına malikdir. Bu göstərici ABŞ-ın bütün sübut olunmuş xam neft ehtiyatlarının həcminə yaxındır.
Qeyd edək ki, Qrenlandiyanın buzsuz əraziləri Böyük Britaniyanın sahəsindən təxminən iki dəfə böyük olsa da, adanın ümumi səthinin cəmi beşdə birini təşkil edir. Bu isə buz örtüyünün altında hələ kəşf olunmamış nəhəng təbii sərvətlərin mövcudluğu ehtimalını artırır.
Qrenlandiyanın zəngin təbii resursları onun son 4 milyard il ərzində formalaşmış son dərəcə mürəkkəb geoloji tarixi ilə birbaşa bağlıdır. Burada Yer üzünün ən qədim süxurlarına, həmçinin meteorit mənşəli olmayan, yük maşını böyüklüyündə təbii dəmir kütlələrinə rast gəlinir. 1970-ci illərdə almaz daşı ehtiva edən kimberlit boruları aşkar edilsə də, çətin iqlim və logistika səbəbindən bu yataqlar hələ istismar olunmayıb.
Qrenlandiyanın Jameson Land hövzəsi kimi quru üzərində yerləşən çöküntü hövzələrinin Norveçin karbohidrogenlə zəngin kontinental şelfinə bənzər şəkildə iri neft və qaz ehtiyatları daşıdığı ehtimal olunur. Lakin yüksək xərclər kommersiya kəşfiyyatını məhdudlaşdırıb. Bununla yanaşı, son tədqiqatlar Qrenlandiyanın bütün sahilləri boyunca genişmiqyaslı dəniz neft-qaz sistemlərinin mövcud ola biləcəyini göstərir.
Qurğuşun, mis, dəmir və sink kimi metallar da əsasən buzsuz quru çöküntü hövzələrində mövcuddur və 1780-ci ildən etibarən lokal miqyasda hasil olunub.
Çətin əldə olunan nadir torpaq elementləri
Qrenlandiya İslandiya qədər güclü vulkanik aktivliyə malik olmasa da, adadakı bir çox kritik xammal ehtiyatları vulkanik tarixlə əlaqəlidir.
Niobium, tantal və ytterbium kimi nadir torpaq elementləri maqmatik süxur laylarında aşkar edilib.
Xüsusilə vurğulamaq lazımdır ki, Qrenlandiyanın buz altındakı disprosium və neodimium ehtiyatlarının gələcək qlobal tələbatın dörddə birindən çoxunu ödəyə biləcəyi proqnozlaşdırılır. Bu ehtiyatların ümumi həcmi təxminən 40 milyon ton olaraq qiymətləndirilir.
Bu elementlər külək enerjisi, elektrik nəqliyyatı mühərrikləri və yüksək temperaturda işləyən maqnitlər (o cümlədən nüvə reaktorlarında) üçün əvəzolunmazdır və ən strateji, eyni zamanda əldə olunması ən çətin nadir torpaq elementləri hesab olunur.
Cənubi Qrenlandiyada yerləşən Kvanefjeld kimi məlum yataqların, eləcə də adanın mərkəzi dağlıq hissəsində hələ aşkar edilməmiş ehtiyatların işlənməsi, qlobal nadir torpaq elementləri bazarına ciddi təsir göstərə bilər, çünki bu resurslar dünya üzrə olduqca məhduddur.