İranda aktivləşən etiraz aksiyaları fonunda sonuncu İran şahı Məhəmməd Rza Şah Pəhləvənin oğlu Rza Pəhləvi də fəallaşıb. O, etirazçılara çağırışlar edir, tez bir vaxtda ölkəyə qayıdacağını deyir. İrandakı bəzi etirazçılar da 1979-cu ildə xalq etirazları ilə devrilən monarxiyanın bərpasını, Pəhləvi sülaləsinin hakimiyyətə qayıtmasını dəstəkləyir.
Lakin Pəhləvilərin hakimiyyətə qarşılanması Cənubi Azərbaycanda heç də müsbət qarşılanmır, hətta onlara nifrət edirlər. Cənubi Azərbaycanda məşhur olan "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" şüarı bunun bariz sübutudur.
Pəhləvilərə Cənubi Azərbaycanlıların bu nifrətinin tarixi səbəbləri var.
Modern.az-a danışan tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev bildirib ki, Pəhləvilər Güney Azərbaycanlılara qarşı münasibəti olduqca sərt olub:
“Pəhləvilər 1925-ci ildə hakimiyyətə gəlmişdilər. Bu dövrdə Xiyabani hərəkatı yenicə başa çatmışdı. Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbi qoyulmuşdu. Sözsüz ki, Rza Pəhləvinin dövründə Azərbaycan dilində təhsilin aparılması, qəzetlərin nəşr olunması qadağan olunmuşdu. O dövrdə Azərbaycanın cənubu ayrı-ayrı ostanlara bölünmüşdü və pan-İranizm siyasəti həyata keçirilirdi. Ölkədə xüsusi avtoritar rejimi qurulmuşdu. Pəhləvi xarici siyasətdə Almaniyaya meyil edirdi. SSRİ ilə münasibətlər pozulmuş, sərhədlər bağlanmışdı. Ona görə də Cənubi Azərbaycanla Şimali Azərbaycan arasında əlaqələr kəsilmişdi. Sovet Azərbaycanında bir müddət - 1920-ci illərdə xüsusi ticarət yarmarkaları təşkil olunurdu. Cənubdan gəlib burada ticarət edirdilər. Amma bu ticarət yarmarkaları da qadağan edilmişdi. Azərbaycanın özündə Mircəfər Bağırovun dövründə İran casusluğuna qarşı çox sərt repressiyalar həyata keçirilirdi. 1938-ci ilin yanvarında qərar qəbul olunmuşdu ki, Sovet Azərbaycanında yaşayan İran təbəələri ya İrana qayıtmalıdır, ya da sovet vətəndaşlığı qəbul edib, Qazaxıstana sürgün edilməli idi”.
Tarixçi “21 Azər” hərəkatının qəddarlıqla yatırılmasından da danışıb:
“Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1941-45-ci illərdə “21 Azər” hərəkatı oldu. 1946-cı ilin dekabrında “21 Azər” hərəkatının Rza Şahın Baş naziri Əhməd Qaval tərəfindən necə yatırıldığı məlumdur. Hərəkat iştirakçıları repressiyalara məruz qalmışdı, onların bir qismi Şimala köçüb Sovet Azərbaycanında yaşamışdılar. Hətta onların özlərinin milli komitələri vardı. Sonradan 1978-79-cu illərdə soydaşlarımız İran inqilabı dövründə yenidən Cənubi Azərbaycanlıların hüquqlarının yenidən bərpa olunacağına, hətta konstitusiyada dil məsələsinin işləyəcəyinə böyük ümidlər bəsləyirdilər. Lakin İslam Respublikası da bu köhnə şah rejiminin siyasətini-farslaşdırmanı, milli azlıqların hüquqarının məhdudlaşdırılması, Azərbaycana muxtariyyət vermədi”, - ekspert qeyd edib.