Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsində hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilib.
Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, küçə boyu yol nişanları və nişanlanma xətləri normativ tələblərə və standartlara əsasən yenidən təşkil olunub.
Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi saatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyən edilib.
Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə kəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, Süleyman Vəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətində düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isə sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda test rejimində fəaliyyət göstərir.
Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat alternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarının paylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektində yaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şərait yaradılıb.
Digər layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilib. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib.
Qeyd edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.