Bakı. Trend:
Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinə investisiyaların cəlb edilməsi, regionun inkişaf potensialının beynəlxalq ictimaiyyətə çatdırılması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi "AIREX 2026" ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərinə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyinin göstərilməsi, investisiyaların cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması daxildir.
P.Bağırovanın sözlərinə görə, "AIREX 2026" kimi beynəlxalq tədbirlər Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinin təqdim edilməsi və regionda mövcud investisiya imkanlarının potensial investorların diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.
“Bu sərgi müxtəlif ölkələrdən biznes nümayəndələrini, investorları və mütəxəssisləri bir araya gətirir. Burada işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, regionun inkişaf perspektivlərini və mövcud investisiya imkanlarını nümayiş etdirmək mümkündür. Buna görə də "AIREX 2026"nı Qarabağ Dirçəliş Fondu üçün maraqlı və faydalı platforma hesab edirik”, – deyə o qeyd edib.
Şöbə müdiri vurğulayıb ki, sərgi Fondun fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi, eləcə də Qarabağda gedən proseslər barədə məlumatlılığın artırılması üçün imkan yaradır.
“Maarifləndirmə Fondun nizamnaməsindən irəli gələn əsas fəaliyyət istiqamətlərindən biridir. Bu platforma vasitəsilə Fondun fəaliyyəti ilə yanaşı, Qarabağda aparılan bərpa-quruculuq işləri və regionun inkişafı barədə məlumatları daha geniş yerli və beynəlxalq auditoriyaya çatdıra biləcəyik”, – deyə P.Bağırova bildirib.
O əlavə edib ki, Fond işğaldan azad edilmiş ərazilərin yalnız bərpasını deyil, həm də dayanıqlı inkişafını və yaşıl enerji potensialının reallaşdırılmasını vacib hesab edir. Bu baxımdan investisiyaların cəlb edilməsi və müxtəlif tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
P.Bağırova sərginin uzunmüddətli və səmərəli platformaya çevriləcəyinə ümid etdiyini bildirib.
“Bu gün bərpa-quruculuq layihələri və ərazilərdə gedən proseslər haqqında danışırıq. Bir neçə ildən sonra isə artıq bərpa olunan, inkişaf edən Qarabağımızdan və həyata keçirilən layihələrin nəticələrindən danışacağıq”, – deyə o vurğulayıb.
O, həmçinin sərginin təşkilinə görə təşəkkürünü bildirib və Qarabağ Dirçəliş Fondunun bu təşəbbüsə dəstək verməkdən məmnun olduğunu qeyd edib.