2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Bəs kruiz gəmilər ölkə iqtisadiyyatına və turizmin inkişafına necə töhfə verəcək?
Turizm eksperti Əziz Şiriyev Metbuat.az-a açıqlamasında bunun ölkəmiz üçün çox mühüm addım olacağını söyləyib. Onun sözlərinə görə, bu mövzu uzun illərdir müzakirə edilir:
"Bildiyiniz kimi, bir neçə ölkə ilə Xəzəryanı əlaqələrimiz mövcuddur və yükdaşıma həyata keçirilir. Söhbət Rusiya, İran və Qazaxıstan marşrutlarından gedir: Qazaxıstan üzrə Aktau, İran üzrə Ənzəli limanı, Rusiya üzrə isə Həştərxan vilayəti. Hətta Həştərxan vilayətinin qubernatoru Bakıda “Həştərxan İş Mərkəzi” və “Volqa” hotellərini açıb. Hazırda bu obyektlər Olimpiya kəndinin arxasında fəaliyyət göstərir. Qarşılıqlı razılaşmalar əsasında gəmilərin Azərbaycanla sərnişin və turist daşımalarını həyata keçirməsi nəzərdə tutulurdu. Sadəcə, Rusiya–Ukrayna müharibəsi bu prosesə əngəl oldu. Lakin düşünürəm ki, yaxın vaxtlarda əlaqələr bərpa ediləcək və proses daha da sürətlənəcək".
Ə.Şiriyev qeyd edib ki, quru sərhədlərinin açıq olması və gəmi marşrutlarının genişlənməsi ölkəmiz üçün yeni imkanlar yaradar:
"Hazırda ölkədən çıxış ancaq hava yolu ilə mümkündür. Hava nəqliyyatı ilə hazırlanan tur paketlərində isə xərclərin 70–80 faizi bilet qiymətlərinin payına düşür. Bu baxımdan, istər gəmi turları, istərsə də quru yolları daha münasib qiymətə başa gəlir və daha geniş kütlənin tələbatına cavab verir. Bu, həm gəlmə turizmin, həm də vətəndaşlarımızın xaricə səfərlərinin artmasına ciddi dəstək ola bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, ölkəyə gələn turistlərin sayı artdıqca, bu, iqtisadi inkişafa, mədəni və iqtisadi əlaqələrin genişlənməsinə, dövlət büdcəsinə və ümumilikdə əhalinin yaşam səviyyəsinə müsbət təsir göstərir".
Sevinc İbrahimzadə / Metbuat.az