Bakı. Trend:
“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts süni intellektin (Sİ) sürətli inkişafının 2027-ci ildə ciddi kibertəhlükələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Gələn il ən ciddi dəyişikliklərin kibermüharibə və kiberhücumlar sahəsində baş verəcəyini gözləyirəm. Artıq təhdidlər yolu ilə pul tələb etmək və ya fond bazarına təsir göstərə biləcək pozuntular törətmək üzərində qurulan biznes modeli mövcuddur”, – deyə Qeyts bildirib.
Onun fikrincə, ən müasir süni intellekt modellərinin imkanlarının genişlənməsi, bu texnologiyalara tətbiq olunan məhdudiyyətlərin yetərli olmaması və kibercinayətkarların fəaliyyəti nəticəsində bu sahədə “çoxsaylı xoşagəlməz sürprizlər” meydana çıxa bilər.
Bununla yanaşı, Qeyts süni intellektin nəzarətdən çıxmasını hazırda bəşəriyyət qarşısında duran ən aktual təhlükə hesab etmir.
O qeyd edib ki, süni intellektin qlobal miqyasda bu dərəcədə geniş təsir göstərə biləcək səviyyəyə çatması üçün hələ bir neçə il vaxt tələb olunur.