44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında böyük xidmətləri olan, döyüşlərdə iştirak edən komandirlərin arasında yüksək rütbəli zabitlər də olub.
Metbuat.az müharibə generallarının indi hansı işlə məşğul olduğunu araşdırıb.
Şübhəsiz ki, müharibə generallarından danışanda ilk olaraq ağıla Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı Hikmət Mərzəyevin adı gəlir. General-polkovnik Hikmət Mirzəyev hazırda Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsində çalışır.
Aprel və Tovuz döyüşlərinin iştirakçısı olan Kərəm Vəliyev İkinci Qarabağ Müharibəsi zamanı Cəbrayıl və Qubadlı uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. General-polkovnik Kərəm Vəliyev hazırda Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi postunu tutur.
Şuşa fatehi olan general-leytenant Kənan Seyidov da Vətən qarşısındakı xidmətlərini davam etdirir. Vətən Müharibəsi Qəhrəmanı olan general Seyidov hazırda Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsində çalışır.
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də general-leytenant Mais Bərxudarovdur. "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilən Bərxudarov hazırda Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında işləyir.
Vətən müharibəsini səngərdə keçirən yüksək rütbəli zabitlərdən biri də general-mayor Hikmət Həsənovdur. 50 yaşlı Həsənov Aprel döyüşlərinin və İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandanı vəzifəsində çalışıb. General-mayor Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq edib. Hikmət Həsənov hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında çalışır.
General-leytenant Nizam Osmanov da səngər generalıdır. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni, "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı və "Qarabağ" ordeni ilə təltif olunub. General Osmanov 2023-cü ilin iyulunda ehtiyata buraxılıb.
Birinci və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan generallardan biri də Ənvər Əfəndiyevdir. Əfəndiyev qüsursuz hərbi xidmətə görə müxtəlif dövrlərdə 20-yə yaxın orden və medalla təltif olunub. O, 12 yanvar 2024-cü ildə ehtiyata buraxılıb.
Nazim Hüseynzadə / Metbuat.az






