Bakı. Trend:
Oktyabrın 21-də Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən “Türkmənistanın Neft və Qazı – 2026” (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak edib.
Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif ölkələrdən dövlət rəsmilərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və ekspertlərin qatıldığı tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini Kamal Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “Baku Steel Company” şirkətlərinin nümayəndələri ölkəmizi təmsil ediblər.
Konfrans çərçivəsində nazir müavini K.Abbasov çıxış edərək enerji sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunub.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti sərgi ilə tanış olub, həmçinin “OGT-2026” beynəlxalq konfransında baş sponsor kimi çıxış edən SOCAR-ın stendini ziyarət edib.



