Kişinin həyat yoldaşı və ata olaraq qadının, uşağın qayğısına qalması çox vacibdir. Bu kişini hörmətdən salmır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında komitənin sədri Hicran Hüseynova Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən yeni ata olanların 14 gün müddətinə ödənişli məzuniyyətə çıxması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
“Çox vaxt bizə bu mövzuda sual verirlər. Mən düşünürəm ki, əksinə bu kişilərə olan etibarı daha da artırır. Bizə boşanmalarla bağlı müraciətlər olur. Səbəbləri təhlil edərkən görürük ki, bir çox problemlər həmin dövrdə (ataların uşaq doğularkən onun böyüməsində iştirak etmədiyi vaxtlardan) başlayır” – deyə H. Hüseynova qeyd edib.
O, qeyd edib ki, dəyişiklikdən öncə, atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin təcrübədə heç bir ata bu hüquqdan istifadə etmirdi. Komitə sədri bunu ödənişsiz məzuniyyətin ailə büdcəsinə əlavə təzyiq yaratması ilə izah etmişdi. Təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaqdır.