“Demək olar, həftədə bir dəfə Naxçıvana, Heydər Əliyevlə görüşməyə gedirdim. Kişiyə görə üzümə yaxşı baxırdılar, hörmətlə qarşılayırdılar”. Modern.az-ın məlumatına görə, bunu 1992-ci ildə YAP-ın qurulmasında iştirak etmiş “91-lər”in üzvü Xeyrəddin Qoca Ümummili liderlə bağlı xatirələrini bölüşərkən bildirib. “Heydər Əliyevə bütün maraqlandığım sualları verirdim, o da səbrlə hamısını cavablandırırdı. Amma mən öyrəndiklərimi yazmırdım, sadəcə yadda saxlamağa çalışırdım. Ümumiyyətlə, böyük Şəxsiyyət haqqında onlarla məqalə çap etdirmişəm, onların heç biri müsahibə deyil...”, - X.Qoca deyib. O, bir dəfə Naxçıvanda üzləşdiyi hadisəni də danışıb: “Bir dəfə Heydər Əliyevlə görüşəndə Naxçıvanın Baş naziri Becan Fərzəliyev və Ümummilli liderin köməkçisi Vasif Talıbov da orada idi. Heydər Əliyev "jurnalist dostumdur, Bakıdan gəlib" deyə, məni Becan Fərzəliyevə təqdim etdi. Becan mənə "xoş gəlmisiniz" də demədi, üzünü çevirib aralandı. Mən təəccüblə Heydər Əliyevə baxdım, o, "gördüm, - dedi və əlavə etdi: "Belələri 2-3 aylıqdır!" Soruşdum ki, "Baş nazir 2-3 aylıqdır?" Heydər Əiyev "belələri az zamanda nəsə bir dövləti səhv edir, ya da əyri işlər görürlər!"
Elə də oldu. Deyilənə görə, Becan Fərzəliyev satmaq üçün İrandan vaqonla saqqız gətirirmiş, elə onun üstündə də ilişib, bizim söhbətimizdən 2 ay sonra işdən uzaqlaşdırılmışdı...” YAP-ın qurulmasında iştirak etmiş Xeyrəddin Qoca "Yeni Azərbaycan" qəzetinin ilk baş redaktoru olub. O, 1993-1997-ci illərdə qəzetə rəhbərlik edib.
2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub.
2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib. A.Qorxmaz