Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) Türkiyənin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) qlobal elektrikləşmənin sürətləndirilməsi, metan emissiyalarının azaldılması və enerjiyə çıxışın genişləndirilməsi istiqamətində təşəbbüslərə dəstək verəcək.
Bu barədə BEA məlumat yayıb.
Bildirilib ki, agentlik, həmçinin Afrikada ekoloji cəhətdən təmiz yemək bişirmə texnologiyalarına çıxış məsələsini müzakirə edəcək.
BEA-nın məlumatına görə, noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək COP31-də agentlik Türkiyənin sədrliyinin strateji tərəfdaşı kimi iştirak edəcək. Avstraliya isə danışıqlar üzrə sədr qismində rəsmi iqlim danışıqlarına və Sakit Okean regionunda keçirilən Pre-COP tədbirinə rəhbərlik edəcək.
“Noyabrın 11-12-də keçiriləcək Dünya Liderlərinin Sammitində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iqlim və enerji sahəsində öhdəliklərini və prioritetlərini açıqlayacaqlar.
Türkiyənin COP31 sədrliyinin enerji gündəliyində əsas istiqamətlərdən biri 2035-ci ilədək elektrik enerjisinin qlobal son enerji istehlakındakı payının 35 faizə çatdırılmasıdır. Digər prioritetlərə tullantıların və metan emissiyalarının azaldılması, binalarda enerji səmərəliliyinin artırılması, dayanıqlı şəhərlərin inkişafı, ekoloji cəhətdən təmiz yemək bişirmə texnologiyalarının təşviqi və enerjiyə çıxışın genişləndirilməsi daxildir”, - məlumatda qeyd edilib.
BEA bildirib ki, Türkiyə və Avstraliyanın müraciəti əsasında hazırlanan “Electrification” adlı xüsusi hesabatda 2035-ci ilədək elektrik enerjisinin qlobal son enerji istehlakındakı payının 35 faizə çatdırılması imkanları təhlil olunur. Agentlik bu hədəfi nəzərdə tutan qlobal öhdəliyin hazırlanmasına və onun idarəetmə mexanizmlərinin formalaşdırılmasına da dəstək verir.
Metan emissiyalarının və tullantıların azaldılması istiqamətində BEA-nın fəaliyyəti “Global Methane Tracker 2026” hesabatını və tullantıların azaldılmasına dair məlumat sənədini əhatə edir. Agentlik COP31 çərçivəsində bu mövzulara həsr olunmuş xüsusi hesabat da təqdim etməyi planlaşdırır.
“Binalarda enerji səmərəliliyi ilə bağlı isə Türkiyə və Avstraliyanın müraciəti əsasında ayrıca hesabat hazırlanır. Sənəd 2035-ci ilədək binaların qlobal enerji intensivliyinin ən azı 25 faiz azaldılması hədəfinə nail olmaq üçün təhlilləri əhatə edəcək”, - məlumatda vurğulanıb.
Agentliyin məlumatına görə, 2026-cı il ərzində Türkiyənin COP31 sədrliyi ilə birgə Paris, London və Nyu-Yorkda yüksək səviyyəli enerji keçidi dialoqları keçirilib. Hökumət, sənaye, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşlərdə elektrikləşmə və konfransın digər enerji prioritetləri müzakirə olunub.
BEA, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə fəaliyyət göstərən İqlim Dəyişikliyi üzrə Ekspert Qrupu vasitəsilə BMT-nin iqlim danışıqlarına texniki dəstək verir. Bu əməkdaşlıq Paris Sazişinin icrası, emissiyaların azaldılması, iqlimə uyğunlaşma, hesabatlılıq və karbon bazarları ilə bağlı məsələləri əhatə edir.
Beynəlxalq Enerji Agentliyi (BEA) enerji təhlükəsizliyinin təmin edilməsi və dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Agentlik hökumətlər və enerji sektoru ilə əməkdaşlıq edərək enerji siyasəti, bazarlar və texnologiyalar üzrə təhlillər, statistik məlumatlar və tövsiyələr hazırlayır.
BEA-nın üzv və assosiativ ölkələri dünya üzrə enerji istehlakının təxminən 80 faizini, enerji istehsalının 64 faizini və karbon qazı emissiyalarının 77 faizini əhatə edir. Həmin ölkələrin payına qlobal təmiz enerji investisiyalarının 87 faizi düşür.
Agentlik beynəlxalq təşkilatlar və müxtəlif platformalarla əməkdaşlıq edir, dövlət və özəl sektor arasında texnologiya və tədqiqat tərəfdaşlıqlarını dəstəkləyir. Fəaliyyət istiqamətlərinə enerji təchizatında fasilələrə operativ reaksiya, neft təhlükəsizliyi, enerji statistikası, modelləşdirmə, enerji səmərəliliyi və təmiz enerjiyə keçid üzrə təlimlər daxildir.