Bakı. Trend:
Azərbaycan Prezidentiİlham Əliyevin 8 Noyabr Zəfər Günündə Xankəndi şəhərindəki Zəfər Tağı önündən Azərbaycan xalqına müraciəti daxili, regional və qlobal auditoriyaya yönəlik ciddi siyasi, hüquqi və ideoloji ismarıcları özündə ehtiva edir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Onun sözlərinə görə, daxili auditoriya üçün ismarıc ondan ibarətdir ki, bizə bu Zəfəri ordumuzla birgə əsrlərdir qoruyub saxladığımız dəyərlərimiz, Azərbaycançılıq Məfkurəsi üzərində yaranmış milli həmrəylik qazandırıb.
"Azərbaycançılıq məfkurəsinin nə qədər güclü olduğunu isə təkcə bütün etnik qrupların təmsilçilərinin eyni fədakarlıqla vuruşduqları döyüşlər yox, həm də bu məfkurəyə qarşı çıxanların, genetik uyğunsuzluqdan dəm vuranların Qarabağdan özlərinin çıxıb getmələri də göstərdi. Qarabağdakı keçmiş hərbi xuntanın şeytan yuvasına çevirdikləri binanın indi Zəfər muzeyi olması isə separatizm səhifəsinin əbədi qapandığının, torpaqlarımızın işğaldan tam qurtarılacağı haqda xalqa verilən vədin vizual təntənəsidir",- deyə o bildirib.
Deputat qeyd edib ki, region üçün, ilk növbədə də Ermənistandakı revanşist qüvvələr üçün ismarıc ondan ibarətdir ki, Azərbaycanın Qarabağ üzərindəki suverenliyi ədalətli olduğu qədər də əbədidir.
"Xaricdə və Ermənistandakı daşnak yığnaqlarının, onların arxasındakı güclərin Qarabağla bağlı köhnə-təzə planları, status xülyaları tamamilə perspektivsizdir. Ermənistan baş nazirinin ötən gün bildirdiyi kimi, səhər də, günorta da, axşam da "Arsax" deməklə heç nə əldə etməyəcəklər.
Bu çıxış beynəlxalq auditoriyaya göstərməkdir ki, böyük güclərin bunu istəməmələrinə rəğmən Azərbaycan kimi bir dövlətin BMT qətnamələrini öz gücü hesabına yerinə yetirməklə presedent yaratmasının əsas səbəbi xalqımızın fədakarlığı, mətanəti, dözümlülüyüdür və ləyaqətini hər şeydən ucada tutmasıdır. Belə bir xalqın da dövləti heç bir kənar diktəyə boyun əymədən ancaq öz milli maraqlarından çıxış etməlidir, necə ki edir",- deyə Sahib Alıyev əlavə edib.