Azərbaycanda at əti geniş istifadə edilmir və əhalinin böyük qismi bunu qəbul etmir. Bəs bunun səbəbi nə ilə bağlıdır? At əti ziyanlıdır?
"Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov Metbuat.az-a açıqlamasında bildirib ki, azərbaycanlılar at ətini əsasən mentalitet və milli mətbəx ənənələri səbəbindən yemirlər:
"Tarixi, mədəni və dini təsirlər nəticəsində bu ət Azərbaycanda qəbul olunmayıb, baxmayaraq ki, bəzi ölkələrdə (Qazaxıstan, Monqolustan) at əti geniş istifadə olunur. At əti Azərbaycanda yeyilməməsinin əsas səbəbi mədəniyyət və mentalitetdir. Sağlamlıq baxımından ciddi problem olmasa da, xalqın tarixi və dini dəyərləri bu məhsulu qəbul etməyib. Bu səbəbdən Azərbaycan mətbəxində at əti yoxdur, amma başqa ölkələrdə normal qida sayılır. Bizdə tarixən at daha çox nəqliyyat, yük daşıma və hərbi məqsədlər üçün istifadə olunub".
S.Qafarov qeyd edib ki, Azərbaycan mətbəxində əsasən mal, qoyun və toyuq əti istifadə olunur:
"Donuz və at əti isə milli mətbəxdə yer almır. Bu, həm dini, həm də mədəni dəyərlərlə bağlıdır. Ancaq at əti sağlamlıq baxımından təhlükəli deyil. Əksinə, mikrobioloji çirklənməyə donuz əti daha meyllidir. Yəni qida baxımından problem yoxdur, məsələ sırf ənənəvi və psixoloji qəbul ilə bağlıdır. Qazaxıstan, Monqolustan və bəzi Orta Asiya ölkələrində at əti və at südü (kımız) geniş istifadə olunur. Azərbaycanda isə bu ənənə formalaşmayıb. Hətta ölkədən diri at ixrac olunur, amma daxildə qida məqsədilə istifadə edilmir".
Sevinc İbrahimzadə / Metbuat.az
