Bakı. Trend:
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada olması Azərbaycan–Türkiyə qardaşlığının, strateji müttəfiqliyinin və sarsılmaz birliyinin növbəti parlaq təzahürüdür.
Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.
Deputatın sözlərinə görə, Türkiyə Prezidentinin məhz Zəfər Günündə Azərbaycanın mədəniyyət paytaxtına səfəri dərin siyasi və mənəvi məna daşıyır:
“Bu səfər iki dövlət arasında münasibətlərin adi diplomatik çərçivədən çox-çox kənara çıxdığını, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlığa söykəndiyini bir daha nümayiş etdirir. Şuşa milli yaddaşımızın, tarixi kimliyimizin və Qarabağ Zəfərinin rəmzidir. Məhz belə bir şəhərdə iki dövlət başçısının bir araya gəlməsi Azərbaycan–Türkiyə birliyinin sarsılmaz xarakterini bütün dünyaya nümayiş etdirən mühüm siyasi hadisədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bu birliyin mahiyyətini və prinsipial xarakterini bir daha ortaya qoydu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan və Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt öz arzularına çata bilməyəcəklər. İki xalqın və iki liderin heç kimə onların arasına girməyə imkan verməyəcəyini vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin əbədi və sarsılmaz olduğunu qətiyyətlə ifadə etdi”.
Prezident İlham Əliyevin dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlərin olmadığını bəyan etdiyini xatırladan deputat bildirib ki, bu bağlılığın ən böyük sınaqlarından biri 44 günlük Vətən müharibəsi zamanı yaşanıb:
“2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar xalqımızın onilliklər boyu gözlədiyi tarixi Qələbəni təmin etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin günlərdə Azərbaycanın haqq işinə verdiyi açıq və qətiyyətli siyasi dəstək isə iki ölkə arasındakı müttəfiqliyin sözdə deyil, əməli fəaliyyətdə təsdiqini tapdığını göstərdi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bu dəstək xalqımızın mənəvi gücünü artırmaqla yanaşı, dövlətimizin beynəlxalq mövqeyini də möhkəmləndirdi.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini, dövlətimizin siyasi iradəsini və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin tarixi günlər Azərbaycan–Türkiyə birliyinin əsl mahiyyətini ortaya qoydu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada səsləndirdiyi fikirlər də bu tarixi həqiqətlərin növbəti təsdiqi oldu. O, altı il əvvəl Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının qəhrəmanlıq göstərərək Qarabağı azad etdiyini bildirdi. Türkiyə liderinin vurğuladığı kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoydu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi və bu gün regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir”.
Parlamentari qeyd edib ki, hərbi Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, Böyük Qayıdışın təmin edilməsi və qazanılmış tarixi uğurların dayanıqlı inkişafla möhkəmləndirilməsidir:
“Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın hərbi Qələbəni siyasi, iqtisadi və sosial nailiyyətlərlə möhkəmləndirmək əzmini nümayiş etdirir. Yenidən qurulan şəhərlər və kəndlər, salınan yollar, yaradılan müasir infrastruktur, bərpa edilən tarixi və mədəni irs nümunələri dövlətimizin iqtisadi imkanlarının, xalqımızın quruculuq iradəsinin və gələcəyə inamının göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın iqtisadi, sosial və mədəni həyatının mühüm tərkib hissəsinə çevrilir. Türkiyənin bu prosesdə Azərbaycanın yanında olması isə qardaşlığımızın əməli təzahürlərindən biridir”.
S.Salmanova Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında Şuşa Bəyannaməsinin xüsusi yer tutduğunu vurğulayıb:
“2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi-siyasi çərçivə formalaşdırdı. Eyni zamanda, təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətin, regional və beynəlxalq məsələlərdə ortaq mövqelərin strateji əsaslarını müəyyənləşdirdi.
Şuşa Bəyannaməsinin məhz bu şəhərdə imzalanması xüsusi rəmzi məna daşıyırdı. Bir vaxtlar işğal altında olmuş, azadlığı uğrunda Azərbaycan əsgərinin qəhrəmanlıq göstərdiyi Şuşada iki qardaş ölkənin liderlərinin müttəfiqlik sənədinə imza atması tarixi ədalətin bərpasının və yeni reallıqların təsbitinin parlaq nümunəsi idi. Beləliklə, Şuşa həm Qarabağ Zəfərinin, həm də Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin simvoluna çevrildi”.
Deputatın fikrincə, Azərbaycan və Türkiyə bu gün regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm rol oynayan güclü tərəfdaşlardır:
“Azərbaycan–Türkiyə birliyi yalnız iki dövlətin münasibətləri baxımından deyil, bütövlükdə regionun gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır. Bu müttəfiqlik Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və daha geniş coğrafiyada iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.
Bu münasibətlərin gücü, ilk növbədə, iki ölkənin liderlərinin siyasi iradəsi, qarşılıqlı etimadı və ortaq strateji baxışı ilə bağlıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi münasibətlər Azərbaycan–Türkiyə əlaqələrinə xüsusi məzmun və dinamika qazandırır. Hər iki liderin milli maraqlara əsaslanan qətiyyətli siyasəti, beynəlxalq münasibətlər sistemində mürəkkəb proseslərin getdiyi bir şəraitdə nümayiş etdirdikləri prinsipial mövqe bu müttəfiqliyin regional və qlobal miqyasda əhəmiyyətini daha da artırır. Azərbaycan və Türkiyə qarşılıqlı dəstək, etimad və həmrəylik prinsiplərinə əsaslanaraq təkcə bugünkü münasibətlərini deyil, gələcək nəsillər üçün də möhkəm əməkdaşlıq təməlini formalaşdırırlar”.
S.Salmanova bildirib ki, Türkiyə liderinin noyabrın 8-də, Zəfər Günündə Qarabağda – Şuşada olması xüsusi siyasi və mənəvi məna daşıyır:
“Bu səfər Türkiyənin Azərbaycanla həmrəyliyinin, ortaq sevinc və qürurunun ifadəsidir. Eyni zamanda, iki qardaş dövlətin keçmişdə olduğu kimi, bu gün də, gələcəkdə də bir yerdə olacağına dair dünyaya ünvanlanmış aydın mesajdır. Zəfər Günündə Şuşada keçirilən görüş Azərbaycan–Türkiyə qardaşlığının növbəti təsdiqi olmaqla yanaşı, iki ölkənin ortaq strateji hədəflərinin, siyasi iradəsinin və gələcəyə hesablanmış baxışlarının nümayişi kimi tarixə düşdü.
Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından çıxmış, tarixin müxtəlif mərhələlərində möhkəmlənmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərdir. Şuşadan bir daha təsdiqləndi ki, bu birliyin təməlində ortaq tarix, qardaşlıq, qarşılıqlı etimad və milli maraqlar dayanır. Şuşa bu dəfə də tarixə iki qardaş ölkənin sarsılmaz birliyinin, həmrəyliyinin və ortaq gələcəyə inamının rəmzi kimi həkk olundu”.