Hindistan ilk dəfə olaraq Pakistanın Hindistana məxsus hərbi təyyarələri vurduğunu təsdiqləyib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş Qərargah rəisi Anil Çauhan bu barədə “Bloomberg” telekanalına danışarkən bildirib.
O, Pakistanın Hindistan qırıcılarını vurmasına dair iddiaları cavablandırıb. Generalın fikrincə, əsas məsələ təyyarənin vurulması deyil, onun niyə vurulduğudur.
Hadisə zamanı Hindistan ordusunun taktiki səhvlərə yol verdiyini etiraf edən Çauhan həmin səhvlərdən dərs çıxardıqdan sonra iki gün ərzində təkrar əməliyyat keçirdiklərini və bu dəfə bütün təyyarələrin hədəfləri dəqiq vurduğunu qeyd edib.
General Çauhan Pakistanın guya 6 Hindistan təyyarəsini vurduğuna dair iddiasına da münasibət bildirib. Onun sözlərinə görə, bu məlumat tamamilə yanlışdır və saydan çox təyyarələrin niyə vurulduğu və bu hadisədən sonra atılan addımlar daha vacibdir.
Xatırladaq ki, Hindistan ordusu aprelin 22-də Cammu və Kəşmir bölgəsinin Pahalgam ərazisində baş verən və 26 nəfərin ölümünə səbəb olan terror aktına cavab olaraq mayın 6-da Pakistan və onun nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirmişdi. Hindistanın Baş naziri Narendra Modi həmin hərbi əməliyyata “Sindoor əməliyyatı” adını verərək onu “qürur anı” kimi qiymətləndirmişdi.
Qeyd edək ki, “Sindoor” hind dilində evli hindu qadınların alnına çəkdiyi qırmızı toz deməkdir.