Yeni il yaxınlaşdıqca uşaqların Şaxta baba həyəcanı artır. Bir çox valideyn övladlarını sevindirmək üçün bu ənənəyə sadiq qalır. Bəs uşaqlara Şaxta Baba haqqında necə məlumat verməliyik?
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, St. Andrews Universitetinin fəlsəfə üzrə baş müəllimi Cozef Millum valideynlərə uşaqlara Şaxta baba haqqında yalan danışmamalarını tövsiyə edir. Alimin sözlərinə görə, uşaqlara Şaxta babanın həqiqətən var olduğunu söyləmək düzgün deyil, onların güvənini sarsıdaraq mənfi hisslərə səbəb ola bilər.
Millum "The Conversation" üçün yazdığı məqaləsində bunu belə izah edib: “Uşağınıza Şaxta baba haqqında yalan danışmaq manipulyativdir, yalan olmadan da eyni müsbət nəticələr əldə edilə bilər”. O əlavə edib ki, valideynlər uşaqlarına doğru nümunə göstərməli və həqiqəti danışmalıdırlar.
Tədqiqatlar göstərir ki, uşaqlar orta hesabla 7-8 yaşlarında Şaxta babanın həqiqətən mövcud olmadığını özləri öyrənirlər. Texas Universitetinin 1994-cü ildə apardığı araşdırmada Şaxta babaya inanmayan uşaqların böyük əksəriyyətinin həqiqəti öyrəndikdə müsbət reaksiya verdiyi müşahidə olunub. Bu ilin əvvəlində aparılan digər bir araşdırma da uşaqların əksəriyyətinin həqiqəti dərk etdikdə mənfi hisslər yaşamadığını sübut edib. Ancaq alimlər bildirir ki, uşaqların təxminən üçdə biri belə anlarda emosional çətinlik çəkir.
Millum Şaxta babaya inanmağın uşaqların təxəyyülünə və ya tənqidi düşünmə qabiliyyətinə xüsusi təsir göstərdiyinə dair heç bir elmi sübut olmadığını vurğulayıb: “Bayramın sevincini yaşamaq və uşaqların təxəyyülünü inkişaf etdirmək üçün yalan danışmağa ehtiyac yoxdur. Bu, əksər valideynlərin düşündüyü qədər zəruri deyil”.
Xatırladaq ki, mütəxəssislər valideynlərə həqiqəti daha erkən mərhələlərdə övladlarına uyğun şəkildə izah etməyi və onların güvənini qorumağı tövsiyə edir.