Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Yalama kəndində səyyar qəbul keçirib.
Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yalama, Xanoba, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak ediblər.
Vətəndaşlar əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər, həmçinin yeni məktəb binasının inşası, ağacların budanması, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı müraciət və təkliflərini səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini diqqətlə dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


















