Bakı.Trend:
Pakistan ümumi sülh, təhlükəsizlik və rifah məqsədlərinə nail olmağa kömək edə bilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQEM) gücləndirilməsinə sadiq qalır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.
O qeyd edib ki, otuz ildən artıqdır ki, AQEM müxtəlif siyasi sistemlərə, mədəniyyətlərə və baxışlara malik ölkələri etimad və dialoq vasitəsilə təhlükəsizliyin möhkəmləndirilməsi prinsipi ətrafında birləşdirir.
“Gəlin elə bir Asiya quraq ki, orada mübahisələr dinc yolla həll olunsun, suverenlik və beynəlxalq hüquq qorunsun, terrorizm sığınacaq tapmasın, inamsızlığı etimad əvəz etsin, inkişaf etmiş qarşılıqlı əlaqə isə imkanlar və rifah yaratsın”,- deyə o bildirib.
Səfir vurğulayıb ki, təşkilat Azərbaycan sədrliyi ilə daha çox uğurlar qazanmağa davam edəcək.
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.
AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki əməkdaşlığa çevrilir.