Bakı. Trend:
Oktyabrın 16-da keçiriləcək Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin tərkibi kəskin dəyişəcək.
Şuranın hazırkı İdarə Heyətinin 13 üzvü, o cümlədən hazırkı sədr Rəşad Məcid namizədliklərinin seçki bülleteninə daxil edilməməsini xahiş edib.
Mətbuat Şurasının məlumatına görə, qurultay saat 09:00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Tədbirdə ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.
Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Alıoğlu da namizadlər arasında yer alıb.
Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.