Bakı. Trend:
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT), eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və ləğvi üçün yeni əsasların müəyyənləşdirilməsi təklif olunur. Eyni zamanda, onların fəaliyyətinin bir ilədək müddətə dayandırılması ilə bağlı qərarın məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməsi nəzərdə tutulur.
Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, QHT-lərin, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyəti bir ilədək müddətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla bilər.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu qərar məhkəmə tərəfindən qəbul edilir. Təklif olunan dəyişikliklə fəaliyyətin dayandırılması üçün mövcud əsaslarla yanaşı, bir sıra yeni hallar da müəyyənləşdirilir.
Belə ki, Azərbaycanda xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və onun uzadılması ilə bağlı müraciət daxil olduqda, həmin qurumların fəaliyyəti dayandırıla biləcək.
Bundan başqa, QHT-lər, eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri öz fəaliyyətlərinin şəffaflığını təmin etmədikdə onların fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Layihəyə əsasən, QHT-lər və xarici QHT-lərin filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirmədikdə də onların fəaliyyəti dayandırıla bilər.
Digər yeni əsas isə təşkilatların rəhbər şəxslərinin səlahiyyət müddətinin başa çatması ilə bağlıdır. Belə ki, ictimai birliyin icra orqanının, fondun prezidentinin və ya idarə heyətinin, eləcə də xarici dövlətlərin QHT-lərinin Azərbaycandakı filial rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada müvafiq dəyişiklik edilmədikdə təşkilatın fəaliyyəti dayandırıla biləcək.
Layihədə QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin məhkəmə qərarı ilə ləğv edilməsi üçün də yeni əsaslar müəyyənləşdirilir.
Belə ki, onların fəaliyyəti dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdıqda və ya insanların həyat və sağlamlığı üçün real təhlükə törətdikdə ləğv edilməsi nəzərdə tutulur.
Həmçinin Azərbaycanda xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə, onun uzadılması üçün müraciət edilmədikdə və ya müddət uzadılmadıqda həmin qurumlar ləğv edilə biləcək.
Bununla yanaşı, QHT-yə və ya xarici QHT-nin filial və nümayəndəliyinə bir il ərzində iki və daha çox yazılı xəbərdarlıq edildikdə və ya pozuntuların aradan qaldırılması barədə göstəriş verildikdə onların məhkəmə qaydasında ləğvi mümkün olacaq.
Layihəyə əsasən, QHT-nin ali idarəetmə orqanı olan ümumi yığıncaq ardıcıl olaraq üç il ərzində çağırılmadıqda, təşkilat üç ildən artıq müddətdə fəaliyyətini dayandırdıqda və ya bu müddətdə fəaliyyətsiz olduğu müəyyən edildikdə də ləğv üçün əsas yaranacaq.
Digər bir müddəaya görə, fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda təşkilat ləğv edilə bilər. Eyni zamanda, fəaliyyətinin dayandırıldığı dövrdə QHT-nin hər hansı formada fəaliyyət göstərməsi də ləğv üçün əsas hesab olunacaq.
Bu zaman məcburi dövlət ödənişlərinin və cərimələrin ödənilməsi, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi, fəaliyyət nəticəsində dəymiş ziyanın ödənilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının xəbərdarlıq və göstərişində qeyd olunan pozuntuların aradan qaldırılması ilə bağlı hərəkətlər istisna təşkil edəcək.
Bundan başqa, QHT və ya xarici QHT-nin filial və nümayəndəliyi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, yaxud QHT-lərlə bağlı qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən və ya barəsində hədəfli maliyyə sanksiyası tətbiq edildikdən sonra pozuntuları müəyyən edilmiş müddətdə aradan qaldırmadıqda da ləğv edilə biləcək.
Təklif olunan digər əsas isə QHT-nin qanunla müəyyən edilmiş növlərdən birinə və ya öz nizamnaməsində göstərilən məqsədlərə uyğun fəaliyyət göstərməməsidir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericilikdə QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin ləğvi üçün əsas kimi bir il ərzində ikidən çox yazılı xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması barədə göstəriş verilməsi nəzərdə tutulur. Yeni layihədə isə bu hədd bir il ərzində iki və daha çox xəbərdarlıq və ya göstəriş verilməsi kimi müəyyənləşdirilir və ləğv üçün əlavə hallar təsbit olunur.