Bakı. Trend:
İranda qış aylarında pik vaxtlarda qaz çatışmazlığının gündəlik 430 milyon kubmetrə yüksələcəyi proqnoz edilir.
İranın Milli Qaz Şirkətinin məlumatına görə, bunu nazir müavini və şirkətin icra direktoru Səid Təvəkkoli bildirib.
“Hazırda ölkənin qaz istehsalı potensialının gündəlik 130 milyon kubmetri sıradan çıxmış hesab olunur. Özəl sektorda bəzi iş adamları pik vaxtlarda qaz çatışmazlığının gündəlik 500 milyon kubmetr təşkil edəcəyini proqnoz edirlər. Hazırda qaz istehsalı davam edir və 500 milyon kubmetrlik çatışmazlıq yaşanmayıb. Lakin istehsalda dayanıqlılıq olmazsa və ya hər hansı problem yaranarsa, pik vaxtlarda qaz çatışmazlığının gündəlik 430 milyon kubmetr təşkil edəcəyi qiymətləndirilir”, -deyə o qeyd edib.
Təvəkkoli deyib ki, ölkədə qaz çatışmazlığı sadəcə şimalda yerləşən vilayətlərlə məhdudlaşmır. Yəni Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətindən əlavə daha 8 vilayətdə qaz çatışmazlığı yaşana bilər. Ölkədə qaz istehlakının təxminən 80%-i mənzil, iaşə-ticarət və kiçik sənaye müəssisələrinə aiddir. Bu vaxtlarda böyük zavodlar və İstilik Elektrik Stansiyaları maye yanacaqdan (dizel) istifadə edə bilərlər.
Şirkət rəsmisi qeyd edib ki, Tehran vilayətinin qaz istehlakına gəldikdə, hazırda vilayətdə qaz istehlakı gündəlik 95-100 milyon kubmetrdir. Qış aylarında isə Tehran vilayətinin gündəlik qaz istehlakı həcmi 125 milyon kubmetrə yüksələ bilər.
Nazir müavini əlavə edib ki, ölkədə qaz istehsalı gündəlik təxminən 880 milyon kubmetr təşkil etdiyi dövrdə mənzillərdə temperaturun 1 dərəcə azaldılması nəticəsində istehlak gündəlik 25 milyon kubmetr azalırdı. Bu isə bir qaz emalı şirkətinin gündəlik istehsalına bərabərlik edir.
Onun sözlərinə görə, qaz istehlakı yuxarı olan abonentlər üçün cərimə nəzərdə tutulmayıb. Əvəzində onların istehlak qəbzi 4-cü tarifə əsasən hesablanır. 4-cü tarifdə qiymət isə ixrac olunan qazın qiymətinin 75%-i təşkil edir.
Təvəkkoli deyib ki, Cənubi Pars Qaz Emalı Şirkətinin 4 zavodundan ikisi İranın Milli Qaz Şirkəti tərəfindən, ikisi isə Milli Neft Şirkəti tərəfindən bərpa olunur. Proqrama əsasən, maksimum gələn 18 ay ərzində bu zavodlar yenidən istehsala qaytarılacaq.
“Ölkədə çatışmazlıq təkcə qaz çatışmazlığı deyil, ümumilikdə enerji çatışmazlığı mövcuddur. Böyük ölçüdə qaz istehsal olunsa da, müxtəlif sahələrə qaz təhvil verilir. Buna əsasən ölkənin enerji səbətində çeşidlilik yaradılmalıdır”, - deyə o qeyd edib.
Qeyde dək ki, İranda qaz istehsalı illlik 297 milyard kubmetr təşkil edirdisə, ABŞ və İsrailin İrana hərbi hava hücumlarından sonra bu istehsalı illik 242 milyard kubmetrə enib. Yəni ölkənin infrastrukturlarının zədələnməsi nəticəsində qaz istehsalı illik 55 milyard kubmetr azalıb. İranda sözügedən hücumlardan öncə qaz istehlakında illik 45 milyard kubmetr qaz çatışmazlığı mövcud idi. Bu hücumlardan sonra ölkənin qaz çatışmazlığı ildə 100 milyard kubmetrə yüksəlib.