Bakı. Trend:
Rusiya Estoniyanın dekabrın 1-dən Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarına görə bu ölkənin Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuxtqeyə qəti etirazını bildirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, buna səbəb Estoniyanın Tallin yaxınlığında yerləşən müdafiə sənayesi müəssisəsini yandırmaq cəhdində Rusiyanı ittiham etməsi və bununla əlaqədar dekabrın 1-dən Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarı olub. Rusiya bu ittihamı əsassız adlandırıb.
Rusiya XİN-dən qeyd edilib ki, sərhədin bağlanması Tallinə və onun müttəfiqlərinə bumeranq kimi qayıdacaq və iqtisadiyyatlarına zərbə vuracaq.
Nazirlik həmçinin Estoniyanı Ukrayna dronlarının Rusiyanın şimal-qərbinə hücumlar həyata keçirmək məqsədilə öz hava məkanından istifadəsinə qeyri-rəsmi şəkildə şərait yaratmaqda ittiham edib. Bildirilib ki, Estoniyanın bu hərəkətləri Rusiya ilə açıq müharibənin başlanması həddindədir.
Rusiya XİN-dən əlavə olunub ki, Estoniya hakimiyyəti Baltik dənizində Rusiya yük gəmilərinin hərəkətinə maneələr yaratmağa, ölkədə isə rusdilli sakinlərə qarşı repressiv tədbirlər, cinayət təqibləri və deportasiyalar həyata keçirməyə çalışır.
Nazirlik vurğulayıb ki, Rusiya milli maraqlarını qorumaq üçün kompleks siyasi-diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.