Bakı.Trend:
Xəzər dənizi – Qara dəniz "yaşıl" enerji dəhlizi layihəsi üzrə yekun investisiya qərarının 2029-cu ilin sonunadək qəbul edilməsi gözlənilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Qəmbətova bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırması İtaliyanın CESI şirkəti tərəfindən hazırlanıb. Həmin şirkət Mərkəzi Asiya – Azərbaycan "yaşıl" enerji dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında da iştirak edib.
"Tədqiqatın nəticələri cari ilin əvvəlində əldə olunub. Region ölkələri tərəfindən ətraflı nəzərdən keçirildikdən sonra onların ilk dəfə 2026-cı il oktyabrın 22-də Bakıda keçirilən Bağlantı Forumu çərçivəsində təqdim edilməsi qərara alınıb. Forum çərçivəsində dövlət qurumlarının nümayəndələri, investorlar, bərpaolunan enerji sahəsində fəaliyyət göstərən şirkətlər və beynəlxalq maliyyə institutları layihənin mümkün maliyyələşdirmə mexanizmlərini müzakirə ediblər. Tədbirdə texnologiya təchizatçıları və kabel istehsalçıları da iştirak ediblər", - deyə o bildirib.
Onun sözlərinə görə, işlərin birinci mərhələsinin nəticələrinə əsasən, layihənin ikinci mərhələsinə keçmək qərara alınıb.
"İkinci mərhələ iki əsas istiqaməti əhatə edəcək: ilkin texniki layihələndirmə və texniki spesifikasiyaların hazırlanması, eləcə də layihənin həyata keçirilməsi planının və satınalma strategiyasının işlənib hazırlanması.
Bu mərhələdə enerji dəhlizinin üç hissəsinin işlənilməsi nəzərdə tutulur: Azərbaycan – Gürcüstan quru marşrutu, Gürcüstan və Rumıniya arasında sualtı sabit cərəyan kabeli, həmçinin Rumıniya – Macarıstan quru hissəsi.
İlkin texniki layihələndirmə çərçivəsində istismar, təhlükəsizlik və inteqrasiya tələbləri, eləcə də gələcək tenderlər üçün mühəndislik bazası hazırlanacaq. İkinci istiqamət isə müqavilələrin strukturunun, layihənin icra qrafikinin, satınalma yanaşmalarının və risklərin idarə edilməsi tədbirlərinin müəyyənləşdirilməsini əhatə edəcək", - deyə o bildirib.
Rəna Qəmbətova, həmçinin layihənin Avropa İttifaqının siyasi dəstəyini qazandığını qeyd edib.
"Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin bu yaxınlarda Bakıya səfərindən sonra layihəyə dəstək Aİ ilə Azərbaycan arasında Bağlantı Tərəfdaşlığı çərçivəsində bir daha təsdiqlənib", - deyə o bildirib.
Bundan əlavə, layihə Avropa İttifaqının şəbəkələrin inkişafı üzrə onillik planına daxil edilib.
Rəna Qəmbətovanın sözlərinə görə, 2026-cı il noyabrın 13-də Rumıniyada elektrik enerjisinin ötürülməsi sisteminin dörd operatoru tərəfindən yaradılmış GECO birgə müəssisəsi Qarşılıqlı Maraq Kəsb Edən Layihə (PMI) statusunun alınması üçün rəsmi müraciət edib.
"Bu status layihə üçün qrant dəstəyinin əldə edilməsi baxımından zəruridir. Layihə üzrə yekun investisiya qərarının 2029-cu ilin sonunadək qəbul edilməsi gözlənilir", - deyə o bildirib.