Bakı.Trend:
Rusiya-Ukrayna münaqişəsinin tərəfləri onun nəticələrini dərk etməsələr, bu Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.
Bunu Fransanın “Milli Birlik” Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ukraynada vəziyyətin yalnız üç mümkün sonluğu var: ya NATO müharibəyə qoşulacaq və bu, Üçüncü Dünya müharibəsinə səbəb olacaq, ya münaqişə illərlə davam edəcək, ya da bütün ölkələr bunun nəticələrini dərk edəcəklər. Respublika prezidenti seçilsəm, hamı ilə danışıqlar aparacağam”, – deyə Le Pen yazıb.
Le Pen daha əvvəl “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün Fransa üçün “harakiri” (Yaponiya mədəniyyətinə xas intihar adəti -red) olacağını bildirib. Onun sözlərinə görə, bu, ölkənin suverenliyini itirməsinə və “son dərəcə böyük iqtisadi itkilərə” səbəb olacaq.
O, həmçinin 2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə, Aİ vasitəsilə Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsini sual altına alıb.