Bakı.Trend:
Böyük Britaniya və Azərbaycan ölkənin turizm potensialının Britaniya bazarında təşviqi istiqamətində birgə səyləri gücləndirməlidir. Çünki Böyük Britaniya sakinlərinin bir çoxu hələ də Azərbaycan haqqında lazımınca məlumatlı deyil.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan gözəl və rəngarəng ölkədir, böyük turizm potensialına malikdir. Bununla belə, britaniyalı turistlərin ölkəyə nisbətən az maraq göstərməsinin əsas səbəblərindən biri Azərbaycan haqqında məlumatlılığın yetərli olmamasıdır.
“Britaniyalı turistlər üçün əsas problem ondan ibarətdir ki, onlar sadəcə Azərbaycan haqqında məlumatlı deyillər. Hesab edirəm ki, həm Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, həm də Azərbaycanın Londondakı səfirliyi ölkənin britaniyalılar arasında tanıdılmasında mühüm rol oynaya bilər. Bu, daha çox insanın turist kimi Azərbaycana gəlməsinə şərait yaradacaq”, – deyə səfir qeyd edib.
O, Azərbaycanın tanıdılması üçün səmərəli vasitələrdən biri kimi Bakıda “Formula 1” yarışlarının keçirilməsini göstərib.
“Formula 1” Böyük Britaniyada son dərəcə populyardır. Yarışların televiziya yayımları zamanı Bakı küçələrinin Britaniya tamaşaçılarına göstərilməsi ölkəni tanıtmaq üçün çox yaxşı imkandır”, – deyə Norman bildirib.
Səfir Azərbaycanın tanıdılması üçün bu cür imkanlardan daha fəal istifadə edilməsinin vacibliyini vurğulayıb və özü də sosial şəbəkələrdə ölkə haqqında məlumat paylaşmağa davam edəcəyini bildirib.
“Mən məmnuniyyətlə sosial şəbəkələrdə fotolar paylaşmaqla və ziyarət etdiyim yerlər haqqında danışmaqla bu işə kiçik töhfəmi verəcəyəm . Bununla ölkənin nə qədər gözəl olduğunu göstərmək istəyirəm. Lakin bunun üçün Azərbaycanın və onun gəzməli-görməli yerlərinin Böyük Britaniyada daha fəal tanıdılması istiqamətində birgə səylər göstərilməlidir”, – deyə səfir əlavə edib.