Bakı.Trend:
Azərbaycan nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransının (COP31) Antalyada keçirilən ilk həftəsi çərçivəsində COP29-un irsi ilə bağlı təşəbbüslərin təşviqinə yönəlmiş bir sıra ikitərəfli görüşlər və xüsusi tədbirlər təşkil edib.
Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, COP31-in ilk həftəsi ərzində iqlim gündəliyi və konfransın mümkün yekunları ilə bağlı danışıqlarda iştirak edib, həmçinin iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş yüksək səviyyəli müzakirələrdə çıxış edib.
Bununla yanaşı, Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Vild Şeyx Əhməd, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibi Armida Salsiah Alişahbana və Macarıstandakı Türk Dövlətləri Təşkilatı Ofisinin icraçı direktoru Balaş Hendrix ilə ikitərəfli görüşlər keçirib.
"Nümayəndə heyətimiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Beynəlxalq Enerji Agentliyi (BEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) daxil olmaqla, beynəlxalq tərəfdaşlarla birlikdə COP29-un irsi ilə bağlı təşəbbüslərin təşviqinə, eləcə də səhiyyə, enerji və təhsil sahələrində iqlim fəaliyyətinin inkişafına həsr olunmuş xüsusi tədbirlər təşkil edib.
Konfransın ikinci həftəsində bu işi davam etdirməyi səbirsizliklə gözləyirəm!", - deyə nazir müavininin paylaşımında qeyd olunub.
Qeyd edək ki, COP31 Türkiyənin sədrliyi və Avstraliya ilə tərəfdaşlıq razılaşmaları çərçivəsində noyabrın 9-dan 20-dək Antalyada keçirilir. Konfransa Türkiyə ev sahibliyi edir, ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in prezidenti vəzifəsini icra edir. Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen isə danışıqlar prosesinə rəhbərlik edir.
Konfransın əsas diqqət mərkəzində Paris Sazişinin icrasının sürətləndirilməsi, iqlim maliyyələşməsinin səfərbər edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha təmiz enerji mənbələrinə keçidin təşviqi dayanır. Xüsusi diqqət milli iqlim öhdəliklərinin konkret layihə və investisiyalara çevrilməsinə, eləcə də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının nəzərə alınmasına yönəldilir.
COP31 çərçivəsində, həmçinin Kyoto Protokolu Tərəfləri Konfransının 21-ci sessiyası (CMP21) və Paris Sazişi Tərəfləri Konfransının 8-ci sessiyası (CMA8) keçirilir.



