Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarının böyük əksəriyyətinin qarşısının alındığını bildirib.
O, bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“2026-cı il fevralın 28-dən, "Epic Fury" əməliyyatının başlanmasından bəri İran 8 000-9 000 ədəd birtərəfli hücum dronu buraxıb. Onlardan yalnız ikisi hədəfə çatıb və ABŞ hərbçilərinin ölümü ilə nəticələnib. Hər iki hadisə ilk gün baş verib, zərbələr Küveyt və Səudiyyə Ərəbistanında qeydə alınıb.
Eyni zamanda, İran təxminən 2 000 ballistik raket buraxıb. Onlardan yalnız biri hədəfə çataraq ABŞ hərbçilərinin ölümünə səbəb olub (İordaniyada).
Başqa sözlə, İran raket və dronlarının 99,99 faizi vurulub və ya hər hansı halda ABŞ hərbçilərinin ölümünə səbəb olmayıb.
CENTCOM-un müdafiə tədbirləri tarixdə görünməmiş dərəcədə effektiv olub. Dünyada heç kimin bu qədər uğurlu nəticə əldə etmək imkanı yoxdur”, – Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin “60 Minutes” teleproqramının İranla bağlı reportajını tənqid edərək, bu məlumatların reportajda diqqətdən kənarda saxlanıldığını bildirib.