Bakı. Trend:
Azərbaycanda rus bölməsində 157 min şagird dövlət hesabına təhsil alır ki, bu da ölkədəki ümumi şagirdlərin 9,3 faizini təşkil edir.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təhsil milli kimliyin, milli özünüdərkin və milli ideologiyanın formalaşmasında mühüm rol oynayır.
O, apardığı statistik araşdırmanın nəticələrinə əsasən, hazırda Azərbaycan bölməsində isə 1 milyon 570 min şagirdin təhsil aldığını diqqətə çatdırıb.
H.Babaoğlu qeyd edib ki, bir şagirdin dövlət büdcəsinə illik maliyyə xərci 2 min manatdır.
Deputat bildirib ki, Azərbaycanda ingilis, Çin və fransız dillərində dövlət hesabına təhsil verən orta məktəblər, demək olar ki, yoxdur.
“Belə olan halda görəsən, rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir? İstər-istəməz sual yaranır: nə üçün?”, – deyə o bildirib.
H.Babaoğlu hesab edir ki, bu məsələ üzərində də düşünmək lazımdır.
O əlavə edib ki, ali təhsil müəssisələrində də dövlət sifarişi əsasında rus dilində təhsil alan 2 195 tələbə var. Bu isə ali təhsil müəssisələrindəki tələbələrin ümumi sayının 7,85 faizini təşkil edir.
Hikmət Babaoğlu çıxışı zamanı mediaya ayrılacaq vəsaitin artırılmasını təklif edib.
O bildirib ki, Azərbaycanda media və televiziya yayımına ayrılan 68 milyon 369 min manat vəsaitin gələcəkdə artırılması, bu sahələrin ideoloji təhlükəsizlik baxımından daha da gücləndirilməsi nəzərdən keçirilməlidir.
Deputatın sözlərinə görə, milli düşüncəni və milli düşüncə platformasının keyfiyyətini müəyyən edən əsas amillərdən biri media, televiziya və media yayımıdır.
O, əvvəlki illərlə müqayisədə mediaya ayrılan vəsaitin xeyli azaldığını bildirib.
Deputat bildirib ki, nəzərdə tutulan 68 milyon 369 min manatın 53,5 milyon manatı televiziyalara, 14,5 milyon manatı isə media yayımına ayrılır.
O hesab edir ki, gələcəkdə digər istiqamətlərdən müəyyən vəsaitlərin bu sahələrə yönəldilməsi və ya onların müstəqil mənbə kimi daha da gücləndirilməsi imkanları nəzərdən keçirilə bilər.
“Bu sahələri daha da gücləndirə bilərik, çünki bu, gələcəyin çağırışıdır”, – deyə H.Babaoğlu vurğulayıb.