Bakı. Trend:
Qusar rayonunun Urva, Əniğ, Xuray və Suvacal kəndlərinə gedən yolların 2027-ci ildə yenidən qurulması üçün zəruri vəsait dövlət investisiya proqramında nəzərdə tutulmalıdır.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Qusar turizm və sosial-iqtisadi inkişaf baxımından böyük imkanlara malikdir.
Onun sözlərinə görə, Şahdağ Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının keçirilməsinin nəzərdə tutulması rayonun turizm potensialını daha da artıracaq.
A.Badаmov qeyd edib ki, turizmin inkişafı yalnız müasir hotel və xizək komplekslərinin tikintisi ilə məhdudlaşmır. Turistlərin həmin məkanlara rahat çatmasını təmin edən yol infrastrukturu da mühüm əhəmiyyət daşıyır.
Deputat bildirib ki, Şahdağ istiqamətində əsas yol müasirləşdirilsə də, həmin yola bitişik və turizm kompleksinə yaxın yerləşən Urva, Əniğ, Xuray və Suvacal kəndlərinə gedən yolların vəziyyəti müasir tələblərə cavab vermir.
O vurğulayıb ki, bu yolların yenidən qurulması həm yerli əhalinin rahatlığı, həm turizm marşrutlarının genişləndirilməsi, həm də sahibkarlığın inkişafı baxımından vacibdir.
A.Badаmov həmin yolların 2027-ci ildə yenidən qurulması üçün zəruri vəsaitin dövlət investisiya proqramında nəzərdə tutulmasını xahiş edib.