Bakı.Trend:
Hörmüz boğazında daha bir tanker hücuma məruz qalıb, gəmi hazırda yanır.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
“Tankerə sahib olan şirkətin təhlükəsizlik üzrə məsul şəxsinin məlumatına görə, gəmi boğazdan çıxmaq istiqamətində hərəkət edərkən naməlum mərminin zərbəsinə məruz qalıb. Nəticədə gəminin mühərrik bölməsində yanğın baş verib”, – deyə koordinasiya mərkəzindən bildirilib.
Qeyd olunub ki, hücum nəticəsində xəsarət alan və ya itkin düşən olmayıb.
Gəminin adı və qeydiyyatda olduğu liman barədə məlumat verilmir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.