Bakı.Trend:
Avropa İttifaqının (Aİ) 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına qadağa qoyması qlobal LNG ticarət axınlarının əhəmiyyətli dərəcədə yenidən bölüşdürülməsinə səbəb ola bilər. Bu, o cümlədən alternativ tədarük mənbələri uğrunda Avropa ilə Asiya arasında rəqabəti gücləndirə bilər.
"S&P Global Energy"nin məlumatında bildirilir ki, Avropanın tətbiq etdiyi məhdudiyyətlər yanvar ticarət dövrünün başlanmasından sonra Asiya LNG bazarına təsir göstərən əsas amillərdən birinə çevriləcək. Bununla belə, tədarükün son istiqaməti əsasən regional tələbatdan, hava şəraitindən və nəqliyyat imkanlarının əlçatanlığından asılı olacaq.
"Avropa İttifaqı 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadan LNG idxalını tamamilə dayandırmaq niyyətindədir. Bununla yanaşı, Rusiya LNG-sinin tədarükü üzrə uzunmüddətli müqavilələri olan bəzi Avropa şirkətlərinə Aİ-nin sanksiyalar paketində nəzərdə tutulan istisnalar çərçivəsində müvafiq yükləri ən azı 2027-ci ilin iyul ayının sonunadək Avropa İttifaqından kənar istiqamətlərə yönləndirməyə icazə verilib.
Avropada müharibənin gözlənilən nəticəsi olan Rusiya LNG tədarükünün coğrafiyasının dəyişməsi mövcud sanksiya mexanizmləri, Rusiyanın logistika imkanları və Asiya alıcılarının əlavə həcmləri qəbul etməyə hazırlığı üçün ciddi sınağa çevrilə bilər.
Avropa ölkələrinin Rusiya mənşəli həcmləri əvəzləmək məqsədilə digər mənbələrdən LNG alışını artırması spot bazarda mövcud tədarük həcmləri uğrunda Avropa ilə Asiya arasında rəqabəti gücləndirə bilər. Bu isə öz növbəsində tələb və təklif balansına təzyiqi artıraraq Asiyada spot qiymətlərin yüksəlməsinə səbəb ola bilər", - deyə analitiklər bildirirlər.
Bununla yanaşı, məlumatda vurğulanır ki, hazırda Asiya və Avropa bazarlarında qiymətlər arasındakı fərq əlavə LNG həcmlərinin Asiyaya yönləndirilməsi üçün hələ kifayət qədər cəlbedici deyil. "Platts"ın məlumatına görə, noyabrın 12-də Yaponiyanın JKM qiymət indeksi ilə Avropanın TTF indeksi arasındakı fərq bir milyon Britaniya istilik vahidi (MMBtu) üçün 51,1 sent təşkil edib.
"Bu arada, Qərbi Afrikadan və ABŞ-ın Meksika körfəzi sahillərindən Şimal-Şərqi Asiyaya arbitraj LNG tədarükü nəqliyyat xərcləri və karbon ödənişləri nəzərə alınmaqla iqtisadi baxımdan sərfəli olmayıb. Nəticədə, Atlantik hövzəsinə tədarüklər hələlik bazar iştirakçıları üçün daha cəlbedici olaraq qalır.
Lakin vəziyyət JKM indeksi üzrə yanvar qiymət dövrünün başlanması ilə dəyişə bilər. Asiya və Avropa qiymətləri arasındakı fərqin artması, xüsusilə hava şəraiti ilə bağlı qeyri-müəyyənlik və Şimal-Şərqi Asiyada soyuqların düşməsi ehtimalı nəzərə alınmaqla, LNG tədarükünü Asiya istiqamətində daha cəlbedici edə bilər", - deyə "S&P Global Energy" bildirir.
Analitiklərin qiymətləndirmələrinə görə, ticarət axınlarının dəyişməsində əsas istiqamətlərdən biri Rusiyanın Yamal LNG layihəsi olacaq. S&P Global Energy-nin qiymətləndirməsinə əsasən, bu layihə üzrə LNG ixracının orta illik həcmi təxminən 20 milyon ton təşkil edir və 2027-ci il yanvarın 1-dən sonra bu həcmlərin əhəmiyyətli hissəsi Asiyaya yönləndirilə bilər.
"Nəticədə, Avropalı alıcılar alternativ mənbələrdən əlavə LNG həcmləri cəlb etməli, Rusiya tədarükçüləri isə ilk növbədə Asiyada olmaqla yeni satış bazarları axtarmalı olacaqlar.
Bazar iştirakçılarının bildirdiyinə görə, bəzi Çin şirkətləri artıq Yamal LNG layihəsindən spot bazarda LNG partiyaları alıb və onların gələn ilin əvvəlində tədarük edilməklə sonradan yenidən satışını planlaşdırırlar.
Eyni zamanda, Rusiya LNG həcmlərinin Asiyaya yönləndirilməsi imkanları logistika amilləri ilə məhdudlaşır. Xüsusilə, qış aylarında Şimal Dəniz Marşrutundan istifadə çətinləşir, ixtisaslaşdırılmış qazdaşıyan gəmilərin əlçatanlığı isə Rusiyanın Arktika bölgəsindən tədarükləri məhdudlaşdıran amillərdən biri olaraq qalır", - deyə "S&P Global Energy" bildirir.
Qeyd olunur ki, ticarət axınlarında gözlənilən dəyişikliklərə baxmayaraq, Avropanın qadağasının Asiya bazarına faktiki təsiri ilk növbədə tələbatın səviyyəsindən asılı olacaq.