Bakı. Trend:
Azərbaycan 2027-ci ildə həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında iştirak payının maliyyələşdirilməsinə dövlət büdcəsindən 150 milyon manat vəsait ayırmağı planlaşdırır. Bu vəsait növbəti ilin dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərcləri çərçivəsində nəzərdə tutulub.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Rəydə qeyd olunur ki, 2027-ci ilin büdcə layihəsində dövlət investisiya proqramına daxil olan layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən əlavə, bir sıra digər investisiya istiqamətləri üzrə də maliyyə vəsaitinin ayrılması proqnozlaşdırılıb. Bu istiqamətlərdən biri Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkəmizin payı ilə bağlı xərclərdir.
Sənədə əsasən, həmin məqsədlə 150 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğ dövlət əsaslı vəsait qoyuluşu üzrə digər xərclərin tərkibində müəyyənləşdirilib.
Əsaslı vəsait qoyuluşunda digər istiqamətlər də əhəmiyyətli paya malikdir
Hesablama Palatasının təqdim etdiyi məlumatlara görə, 2027-ci ildə beynəlxalq investisiya və inkişaf fondları ilə yanaşı, digər xüsusi təyinatlı və iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi də nəzərdə tutulur.
Belə ki, xüsusi təyinatlı layihələrə 709 milyon manat, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulmasına 434 milyon manat, turizmin inkişafına isə 41 milyon manat vəsait proqnozlaşdırılıb.
Bundan başqa, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, müxtəlif növ əsaslı alışlara və digər layihələrə 2 milyard 466 milyon manat ayrılması nəzərdə tutulur.
Beləliklə, dövlət investisiya proqramına daxil olan layihələrin maliyyələşdirilməsi üçün planlaşdırılan vəsaitdən əlavə, sadalanan istiqamətlər üzrə ümumilikdə 3 milyard 800 milyon manat əsaslı vəsait qoyuluşu proqnozlaşdırılır.
İnfrastruktur layihələri investisiya xərclərində üstünlük təşkil edəcək
Hesablama Palatasının rəyində 2027-ci il üzrə digər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin istiqamətlər üzrə bölgüsü də açıqlanıb.
Təqdim olunan məlumatlara əsasən, növbəti ildə infrastruktur yönümlü layihələrə 3 milyard 196,8 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, müvafiq xərclərin 60,3 faizini təşkil edir.
Sosial yönümlü layihələrin maliyyələşdirilməsinə 1 milyard 725,4 milyon manat (32,6 faiz), müdafiə və hüquq-mühafizə orqanları ilə bağlı layihələrə 281,4 milyon manat (5,1 faiz), digər layihələrə isə 96,4 milyon manat (1,8 faiz) vəsait proqnozlaşdırılıb.
Palatanın qiymətləndirməsinə görə, növbəti büdcə ilində də infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitdə artım, digər layihələr üzrə isə azalma gözlənilir. İnfrastruktur layihələri əsas paya malik olmaqla dövlət əsaslı vəsait qoyuluşunun başlıca istiqaməti olaraq qalacaq.
Rəydə həmçinin bildirilir ki, ortamüddətli dövr üzrə büdcə proqnozlarında ümumi investisiya xərclərinin, eləcə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin azalması nəzərdə tutulsa da, digər əsaslı vəsait qoyuluşunun mütəmadi artımı hesabına bu istiqamətdə ümumi xərclərin artımla proqnozlaşdırılması müşahidə olunur.
Hesablama Palatası layihələrin istiqamətlər üzrə bölgüsünə dair məlumatların məhdudluğuna da diqqət çəkib. Qeyd olunub ki, ayrı-ayrı layihələr barədə məlumatların təqdim edilməməsi əvvəlki illə müqayisəli təhlilin aparılmasını və xərclərin daha geniş qiymətləndirilməsini çətinləşdirir.
Beləliklə, Azərbaycanın 2027-ci il dövlət büdcəsində beynəlxalq investisiya və inkişaf fondlarında iştirakının maliyyələşdirilməsi üçün 150 milyon manat nəzərdə tutulması ölkənin investisiya istiqamətləri üzrə xərclərinin mühüm tərkib hissələrindən biri kimi çıxış edir. Bununla yanaşı, büdcə vəsaitlərinin əsas hissəsinin infrastruktur və sosial yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.