Bakı. Trend:
Cari ildə xarici kreditlər üzrə icra səviyyəsinin aşağı olması fonunda növbəti ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində xarici borclanmaya əhəmiyyətli pay ayrılması və bununla bağlı maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin “Büdcə zərfi”ndə əsaslandırılmaması planlaşdırılan borclanma vəsaitlərinin tam həcmdə cəlb edilməməsi riskini artırır.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Məlumata əsasən, 2027-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə dövlət borclanması hesabına 2 milyard 731,0 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulub. Bildirilib ki, bu da ümumi maliyyələşdirmənin 86,8%-ni təşkil edir.
"2027-ci il dövlət büdcəsinin layihəsi ilə təqdim edilmiş məlumatlara əsasən, xarici kreditlər hesabına 700,0 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, “Büdcə zərfi”ndə həmin vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulan layihələr və onların maliyyələşdirmə həcmləri barədə məlumat təqdim edilməyib.
2026-cı ildə daxili və xarici borclanma hesabına 1 milyard 719,6 milyon manat vəsaitin daxil olması proqnozlaşdırıldığı halda, hesabat ilinin 9 ayı ərzində vəsait daxil olmayıb. Xaricdən cəlb edilmiş kreditlər hesabına isə 125,0 milyon manat vəsait daxil olub ki, bu da 2026-cı il üçün illik proqnozun (850,0 milyon manat) 14,7%-nə bərabər olub", - məlumatda qeyd edilib.