Bakı. Trend:
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin ən böyük hissəsinin iqtisadi fəaliyyətə yönəldilməsi nəzərdə tutulur. Bu istiqamətə 8 milyard 907,3 milyon manat vəsait ayrılması proqnozlaşdırılır ki, bu da ümumi büdcə xərclərinin 21 faizini təşkil edəcək.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, 2027-ci ildə dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Bu, cari ilin təsdiq edilmiş xərcləri ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur.
Növbəti ildə funksional təsnifatın “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi istisna olmaqla, bütün bölmələri üzrə xərclərin artırılması nəzərdə tutulur.
Hesablama Palatasının təhlilinə görə, əvvəlki illərdən fərqli olaraq, 2027-ci ildə funksional təsnifatın bölmələri arasında ən yüksək xüsusi çəki “İqtisadi fəaliyyət” bölməsinə məxsus olacaq. Bu bölmənin dövlət büdcəsinin ümumi xərclərində payının cari illə müqayisədə 2,2 faiz bəndi artaraq 21 faizə yüksələcəyi gözlənilir.
İqtisadi fəaliyyət xərcləri 13,4 faiz artacaq
2027-ci ildə “İqtisadi fəaliyyət” bölməsi üzrə 8 milyard 907,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, cari ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 50,7 milyon manat və ya 13,4 faiz çoxdur.
Rəydə bildirilir ki, artımın əsas səbəblərindən biri iqtisadi dəstək tədbirləri üzrə xərclərin 682,3 milyon manat artırılmasıdır.
Digər mühüm amil isə məqsədli büdcə fondlarının ləğv edilməsi ilə bağlıdır. Belə ki, əvvəlki illərdə “Avtomobil yolları” Məqsədli Büdcə Fondu və “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna ayrılan, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində uçota alınan 400 milyon manatdan çox vəsait 2027-ci ildən “İqtisadi fəaliyyət” bölməsində nəzərdə tutulub.
Hesablama Palatası qeyd edib ki, funksional təsnifat üzrə xərclərin yenidən bölgüsünə Prezidentin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanı da təsir göstərib. Həmin fərman dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirləri əhatə edir.
Əsas bölmələrə aid edilməyən xidmətlərin xərcləri 53,1 faiz azalacaq
2027-ci ildə “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə xərclərin 822,5 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, cari ilin təsdiq edilmiş göstəricisindən 930 milyon manat və ya 53,1 faiz azdır.
Azalmanın əsas səbəblərindən biri məqsədli büdcə fondlarının ləğvi nəticəsində əvvəlki illərdə bu bölmədə uçota alınan 450 milyon manatdan çox vəsaitin digər istiqamətlərə yönəldilməsidir. Həmin vəsaitlərin “İqtisadi fəaliyyət” və “Ətraf mühitin mühafizəsi” bölmələrində nəzərdə tutulması planlaşdırılır.
Bundan başqa, “Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlər” adlı bölüşdürülməmiş (bloklanmış) xərc istiqaməti üzrə 417 milyon manat azalma proqnozlaşdırılıb.
1,4 milyard manatlıq uyğunsuzluq aradan qaldırılıb
Hesablama Palatasının rəyində funksional təsnifat üzrə əvvəlki illərdə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması məsələsinə də toxunulub.
Bildirilib ki, Palatanın əvvəlki rəylərində Vahid Büdcə Təsnifatına (VBT) uyğunluğun təmin edilməsi ilə bağlı verdiyi tövsiyələrin icrası nəticəsində funksional təsnifatın bölmə, köməkçi bölmə və paraqrafları səviyyəsində xərclərin məbləğlərində dəyişikliklər baş verib.
Təqdim edilmiş məlumatların təhlili göstərib ki, Hesablama Palatasının əvvəlki rəylərində qeyd etdiyi funksional təsnifat üzrə uyğunsuzluqların 1,4 milyard manatlıq hissəsi 2027-ci ilin büdcə zərfində aradan qaldırılıb.
Beləliklə, 2027-ci ildə dövlət büdcəsi xərclərinin strukturunda iqtisadi fəaliyyət əsas istiqamətə çevriləcək. Bu bölmənin payının artması həm iqtisadi dəstək tədbirləri üzrə maliyyələşmənin genişləndirilməsi, həm də məqsədli büdcə fondlarının ləğvindən sonra vəsaitlərin funksional təsnifat üzrə yenidən bölüşdürülməsi ilə əlaqədardır.