Bakı. Trend:
Azərbaycanda teatr işinin inkişafında baş rejissorların, baş dirijorların və baş rəssamların vəzifələrinin ləğv edilərək onların əvəzinə “Yaradıcılıq şöbəsi” adlı strukturun yaradılması kökündən yanlışdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu professor İsrafil İsrafilov “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini ifadə edən mühüm, möhtəşəm və qətiyyətli bəyanatlarla yadda qalıb.
Professorun sözlərinə görə, Azərbaycanın zəngin keçmişi, tarixi və mədəniyyəti olsa da, bu irsin müasir dövrdə dünya ilə inteqrasiyası və beynəlxalq miqyasda yayılması istiqamətində ciddi problemlər mövcuddur.
İ.İsrafilov qeyd edib ki, mövcud problemlərin yalnız kiçik bir hissəsi maliyyə ilə bağlıdır. Əsas məsələlərdən biri istedadların yetişdirilməsi, formalaşdırılması və onların qarşısında yeni imkanların açılmasıdır.
O vurğulayıb ki, yaradıcılıq məktəblərində çoxsaylı istedadlı, özünəməxsus qabiliyyətlərə malik insanlar yetişir. Lakin onların tanıdılması, yaradıcılıq yollarının açılması və müxtəlif sahələrdə fəaliyyət göstərmələrinin təmin olunması ciddi problemlərlə müşayiət olunur.
“Çox istedadlı adamlar tam başqa sahələrdə özlərini ifadə etmək istəyirlər. Əlbəttə ki, bu, bizim mədəniyyətimizin itkiləridir”, – deyə professor bildirib. İ.İsrafilov teatr sahəsində idarəetmə və yaradıcılıq prosesinin təşkili ilə bağlı qərarı da tənqid edib.
O bildirib ki, baş rejissor, baş dirijor və baş rəssam vəzifələrinin ləğv edilərək onların əvəzinə “Yaradıcılıq şöbəsi”nin yaradılması kökündən yanlış yanaşmadır.
Professorun fikrincə, bu qərar məsələyə qeyri-peşəkar və səthi yanaşmanın nəticəsidir. “Yaradıcılıq prosesindən uzaq olan adamların bu məsələyə heç nə ilə hesablaşmadan qarışmasının, əlbəttə ki, fəsadları olacaq”, – deyə o vurğulayıb. İ.İsrafilov hesab edir ki, bu qərarın nəticələri yaxın gələcəkdə Mədəniyyət Nazirliyi üçün ciddi problemlərə çevrilə bilər.
O, belə bir təşəbbüsün kim tərəfindən irəli sürüldüyünün məlum olmadığını qeyd edərək, qərarın peşəkarlıqdan uzaq olduğunu və bununla bağlı ciddi düşünülməsinin vacibliyini bildirib.