Bakı.Trend:
Qafqaz və Mərkəzi Asiya ölkələri ilə Fars körfəzi dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün logistikanın təkmilləşdirilməsi, ticarət və tənzimləyici maneələrin azaldılması, rəqəmsallaşma və standartların uyğunlaşdırılması zəruridir.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Özbəkistandakı daimi nümayəndəsi Koba Qvenetadze cümə günü BVF-nin 2026-cı ilin noyabr ayında Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi icmalına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, BVF ticarət, regional inteqrasiya və ölkələr arasında iqtisadi əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir.
Qvenetadze bildirib ki, Fond bu yaxınlarda, bir tərəfdən, Qafqaz və Mərkəzi Asiya ölkələri, digər tərəfdən isə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında əməkdaşlığa həsr olunmuş araşdırma dərc edib. Sənəddə Körfəz ölkələrinin Qafqaz və Mərkəzi Asiya iqtisadiyyatlarına artan marağı nəzərə alınıb.
"Biz müəyyən etmişik ki, bu ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün daha inkişaf etmiş logistika və səmərəli dövlət idarəçiliyi, eləcə də ticarət və tənzimləyici maneələrin azaldılması zəruridir", – deyə o qeyd edib.
BVF-nin qiymətləndirməsinə görə, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşmanın inkişafı, standartların uyğunlaşdırılması və sərhəd qurumları arasında daha sıx əməkdaşlıq da mühüm rol oynayır.
Qvenetadze vurğulayıb ki, bu tədbirlər təkcə Qafqaz, Mərkəzi Asiya və Fars körfəzi ölkələri arasında deyil, digər regionlar arasında da iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.