Bakı. Trend:
2022-ci ildə mövcud infrastrukturu yararsız olan və ya qəzalı məktəblərin sayı 900 idisə, bu gün bu rəqəm təxminən 400 təşkil edir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, son illərdə demək, həyata keçirilən strategiya çərçivəsində bir sıra geniş islahatlar öz nəticəsini verir.
"Bu il dövlət büdcəsinin 27-ci il üçün bizim layihədə xərclərin dövlət büdcəsindəki payı 12% proqnozlaşdırılır. Ümumi daxildə məhsulda payı isə 3,6% proqnozlaşdırılır", - deyə o bildirib.
Nazir müavini həmçinin əlavə edib ki, 2013-cü ildə Azərbaycanda məktəbəqədər təhsillə əhatə olunan 1-5 yaşlı uşaqların xüsusi çəkisi 16 faiz olduğu halda, hazırda bu göstərici 42 faizə yüksəlib.
"İndiyədək 104 mindən çox müəllimin sertifikasiyası həyata keçirilib, 91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib.Bununla yanaşı, 300 mindən çox şagird sistem tədrisinə cəlb olunub.
Peşə təhsilinə qəbulun sayında da artım qeydə alınıb. Belə ki, 2020-ci ildə peşə təhsilinə qəbul olunanların sayı 14,8 min nəfər olduğu halda, bu il 28 min nəfərə çatıb. Beləliklə, qəbul sayı təxminən iki dəfə artıb", - deyə o vurğulayıb.