Türkiyədə axtarışda olan Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı Anadolu Agentliyinə istinadən xəbər yayıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun “Barış Boyun” adlı yeni nəsil silahlı cinayətkar qruplaşmaya qarşı apardığı istintaq çərçivəsində təşkilatın rəhbərlərindən biri olduğu müəyyən edilən Mehmet Recep Demir barəsində qərarı mövcuddur.
Agentliyin məlumatına görə, Demir Azərbaycanda saxlanılıb və Cinayət Məcəlləsində nəzərdə tutulan “qanunsuz sərhədkeçmə” cinayəti üzrə həbs edilib.
Onun saxlanılmasından sonra İstanbul Baş Prokurorluğu Türkiyəyə təhvil verilməsi məqsədilə Azərbaycan məhkəmə orqanlarına rəsmi müraciət hazırlayıb.
Hazırda Demirin Türkiyəyə ekstradisiyası məsələsi üzrə hüquqi prosedurun həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, “Boyunlar” cinayətkar qruplaşması Türkiyə mərkəzli, beynəlxalq əlaqələrə malik və “yeni nəsil” silahlı mütəşəkkil cinayətkar birlikdir. İstanbulun Beyoğlu rayonunda fəaliyyət göstərən məhəllə dəstəsi kimi meydana çıxan qruplaşma motosikletli sui-qəsd qrupları və sosial şəbəkələr vasitəsilə cəlb etdiyi gənc üzvləri ilə tanınır.
Qruplaşmanın ən məşhur silahlı qanadı “Daltonlar” dəstəsidir. Qruplaşmanın əsas gəlir mənbələri arasında silah qaçaqmalçılığı, qanunsuz mərc oyunları, narkotik ticarəti, eləcə də obyektlərə qarşı hədə-qorxu yolu ilə pul tələb etmə və qarət əməlləri yer alır.
Bundan başqa, qruplaşma üzvlərinin Balkanlar və Avropadakı beynəlxalq mafiya qruplarına pul müqabilində sifarişli qətl törətmə xidməti göstərdikləri müəyyən edilib.