Bakı.Trend:
Orta Dəhlizin inkişafı Gürcüstan biznesinin rəqabət qabiliyyətini artıra bilər.
Bu barədə Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Gürcüstanın ACT LLC tədqiqat şirkəti tərəfindən hazırlanan araşdırmada bildirilib.
Qeyd olunub ki, Gürcüstan ixrac logistikasının səmərəliliyini artırmaq və kiçik və orta müəssisələrin (KOB) Avropa bazarlarına çıxış imkanlarını genişləndirmək üçün Bakı-Tbilisi-Qars (BTQ) dəhlizi üzrə intermodal daşımaları genişləndirə bilər.
Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu-liman daşımalarının inkişafı Gürcüstanın nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair ortamüddətli tövsiyələr sırasına daxildir.
“Ayrılmış orta müddətdə lizinq və subsidiyalaşdırma proqramları vasitəsilə yük avtomobilləri parkının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəhlizi üzrə intermodal dəmir yolu-liman daşımalarının inkişaf etdirilməsi, həmçinin regional anbar güclərinə və soyuducu saxlama infrastrukturuna investisiyalar üçün dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin yaradılması tövsiyə olunur”, – deyə araşdırmada bildirilib.
Qeyd olunub ki, araşdırmada Gürcüstanın ixrac daşımalarına xidmət göstərən nəqliyyat sisteminin hərtərəfli təhlili aparılıb və kiçik və orta müəssisələrin Avropa bazarlarına çıxış imkanlarını məhdudlaşdıran əsas logistika problemləri müəyyənləşdirilib.
Araşdırmaya əsasən, əsas problemlərdən biri KOB-lar üçün nəqliyyat xərclərinin qeyri-mütənasib dərəcədə yüksək olmasıdır. Belə ki, kiçik müəssisələr üçün bir ton yükün daşınma dəyəri göndəriş həcmlərinin az olması səbəbindən iri şirkətlərlə müqayisədə 20-40 faiz yüksəkdir.
“Əsas problemlərə Aİ standartlarına uyğun olmayan köhnəlmiş yük avtomobilləri parkı, birbaşa olmayan və uzun quru nəqliyyatı marşrutları, bərə daşımaları, hava yükdaşıma xidmətlərinə regional çıxışın məhdudluğu, eləcə də sərhəd-keçid məntəqələrində sıxlıq və gömrük rəsmiləşdirilməsi zamanı, xüsusilə Türkiyə ilə sərhəddə yaranan gecikmələr daxildir”, – deyə sənəddə qeyd olunub.
Bundan əlavə, yüklərin saxlanması və daşınması zamanı temperatur rejiminin qorunması üçün infrastrukturun çatışmazlığı, yük axınlarının parçalanması, göndərişlərin birləşdirilməsi imkanlarının məhdudluğu, eləcə də logistika sahəsində peşəkar bilik və bacarıqların yetərli olmaması vurğulanıb.
“Sadalanan məhdudiyyətlər ixrac bazarının iştirakçıları üçün qeyri-bərabər şərait yaradır. İri şirkətlər fəaliyyət miqyası və mövcud resursları sayəsində logistika xərclərinin öhdəsindən gələ bildikləri halda, kiçik və orta müəssisələr Aİ bazarlarında rəqabət aparmaqda çətinlik çəkirlər.
Gürcüstanın ixrac problemləri getdikcə daha çox nəqliyyat əlaqəliliyinin problemlərinə çevrilir. İxracatçıların üzləşdiyi xərclərin və gecikmələrin əhəmiyyətli hissəsi məsafə ilə deyil, gömrük və sərhəd prosedurları, sənədləşmə, rəqəmsal sistemlər, normativ tənzimləmə və logistika xidmətləri kimi “yumşaq əlaqəlilik” amilləri ilə bağlıdır”, – deyə araşdırmada bildirilib.
Müəlliflər qısamüddətli perspektivdə (0-12 ay) KOB-ların yük göndərişlərini birləşdirməyə və vahid nəqliyyat xərclərini azaltmağa imkan verəcək yük və daşıyıcı axtarışı üçün rəqəmsal platformanın yaradılmasını tövsiyə edirlər. Həmçinin avtomobil və konteyner daşımalarının birgə təşkili üçün regional yük konsolidasiya mərkəzlərinin yaradılması, regional hava limanlarından mövsümi çarter yük reyslərinin təşkil edilməsi və “yaşıl dəhliz” prosedurları vasitəsilə KOB-ların göndərişlərinin gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi təklif olunur.
Bundan başqa, əsas istehsal regionlarında mobil soyuducu qurğulardan istifadə edilməsi, KOB-ların keyfiyyətli anbar sahələrinə çıxışının subsidiyalaşdırılması və kiçik və orta müəssisələrin logistika assosiasiyasının yaradılması təklif edilir.
Araşdırmada nəqliyyat daşımalarının ekoloji dayanıqlılığına da xüsusi diqqət yetirilib. Bildirilib ki, Avropa Yaşıl Sazişi çərçivəsində avropalı alıcılar təchizat zəncirlərinin karbon izi barədə məlumatları getdikcə daha çox tələb edirlər.
“Bu, köhnəlmiş yük avtomobilləri parkını, boş geri dönüş reyslərini və dəmir yolu nəqliyyatından kifayət qədər istifadə edilməməsini yalnız ekoloji problem deyil, həm də bazarlara çıxışa təsir göstərən amilə çevirir”, – deyə araşdırmada qeyd olunub.
Həmçinin rəqəmsal sistemlərin və bazar iştirakçılarının peşəkar bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
“Xüsusilə, e-CMR elektron nəqliyyat qaimələrinin tətbiqi yalnız ekspeditorların və vasitəçilərin bu alətlərlə işləmək üçün lazımi səriştələrə malik olduğu halda səmərəli olacaq”, – deyə araşdırmada bildirilib.
Sadalanan məhdudiyyətlərin aradan qaldırılması və regionda artan tranzit yük axınlarından istifadə edilməsi Gürcüstana tranzit ölkədən Asiya ilə Avropanı birləşdirən regional logistika və istehsal mərkəzinə tədricən çevrilməyə imkan verəcək.
“Orta Dəhliz Gürcüstan biznesinin rəqabət qabiliyyətinin artırılmasına və Aİ ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə töhfə verən iqtisadi dəhliz kimi inkişaf edə bilər”, – deyə araşdırmada vurğulanıb.
Qeyd edək ki, 5,162 milyon avro dəyərində olan “Inclusive Access to Markets” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMTİP tərəfindən Estoniyanın Beynəlxalq İnkişaf Mərkəzi (ESTDEV) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüs Gürcüstanın kiçik və orta müəssisələrinə dəstək göstərilməsinə, istehsal-satış zəncirlərinin inkişafına, eləcə də şirkətlərin Aİ və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsinə yönəlib.