Bakı. Trend:
Macarıstanda məhkəmə ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orbanın bir ay müddətinə həbs olunması barədə qərar qəbul edib. O, "nüfuz alveri" və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.
Bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo deyib.
G. Bozo bildirib ki, onun əlbir olduğu şəxslərdən biri barəsində də eyni qətimkan tədbiri seçilib, daha bir nəfər ev dustaqlığına göndərilib, dördüncü şübhəli isə sərbəst buraxılıb.
"Məhkəmənin iş üzrə bütün fiqurantlara qarşı irəli sürülən şübhələrin əsaslılığı ilə bağlı heç bir tərəddüdü yoxdur. Barəsində məcburi tədbirlər tətbiq edilən üç şübhəli ilə bağlı məhkəmə onların gizlənə və ədalət mühakiməsindən yayınmağa cəhd göstərə biləcəkləri qənaətinə gəlib. Məhkəmə, həmçinin onlara qarşı irəli sürülən cinayətin ağırlıq dərəcəsini, təqsirləri sübuta yetiriləcəyi təqdirdə verilə biləcək ağır cəzanı, eləcə də şübhəlilərin geniş beynəlxalq əlaqələrə malik olmasını nəzərə alıb", – deyə Bozo bildirib.
Aron Orban və onun biznes tərəfdaşları əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarına pul müqabilində Avropaya köçməkdə kömək etməkdə şübhəli bilinirlər. İstintaqın versiyasına görə, onlar xaricdəki Macarıstan səfirliklərində Şengen vizalarının rəsmiləşdirilməsinə yardım göstərərək bunun müqabilində şəxsi mükafat alıblar. Hesab olunur ki, 2024-cü ildə onlar 100-dən çox şəxsə qanunsuz olaraq belə xidmətlər göstəriblər.