Bakı. Trend:
Özbəkistan növbəti dörd il ərzində bərpa olunan enerji mənbələrindən (BEM) istehsal olunan elektrik enerjisinin payını 54 faizə çatdırmaq niyyətindədir.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də Türkinənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının (COP31) 31-ci sessiyasında çıxışı zamanı bildirib.
Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Mirziyoyev qeyd edib ki, ölkə təbii sərvətlərdən səmərəli istifadəyə və yaşıl texnologiyaların tətbiqinə əsaslanan yeni inkişaf modelini ardıcıl olaraq formalaşdırır.
Onun sözlərinə görə, Özbəkistan ÜDM-in hər vahidinə düşən istixana qazı emissiyalarının 35 faiz azaldılması ilə bağlı əvvəlki hədəfinə vaxtından əvvəl nail olub. İndi ölkə 2035-ci ilədək bu göstəricinin 50 faiz azaldılmasını qarşıya məqsəd qoyub.
Prezident yaşıl enerji istehsalının həcminin artırılmasının iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın təmin edilməsi baxımından zəruri olduğunu vurğulayıb.
Çıxışda su ehtiyatlarından səmərəli istifadə məsələsinə də xüsusi diqqət yetirilib. Son 10 il ərzində Özbəkistan iqtisadiyyatının su tutumu təxminən iki dəfə azalıb, su götürülməsinin həcmi isə beşdəbir qədər aşağı düşüb. Suya qənaət edən texnologiyaların tətbiqi artıq suvarılan torpaqların 60 faizindən çoxunu əhatə edib.
2027-ci ildən Özbəkistan Aral dənizini xilas etmək üzrə Beynəlxalq Fondun (ASBP) sədrliyini öz üzərinə götürəcək. Mirziyoyev bildirib ki, ölkə bu məsuliyyətli missiyanı yüksək səviyyədə yerinə yetirmək, xüsusilə də transsərhəd hövzələrin idarə olunması məsələlərinə diqqət yetirmək niyyətindədir.
Torpaqların bərpası çərçivəsində ölkədə meşə əkinlərinin sahəsi 6 milyon hektar artırılıb. Yeni əkinlərin üçdəbir hissəsi isə Aralətrafı bölgənin payına düşür.
Bundan əlavə, Özbəkistan çirkab və bərk tullantıların idarə olunması strategiyasını həyata keçirir. Strategiya çərçivəsində investisiyaların həcmi 3 milyard dolları ötür.
Mirziyoyev gənclərin ekoloji tərbiyəsini də dövlət siyasətinin prioritetlərindən biri adlandırıb. Onun sözlərinə görə, təbiətə qayğıkeş münasibətin formalaşdırılması ailədən, məhəllədən və məktəbdən başlayır. Burada uşaqlara erkən yaşlarından suya qənaət etmək, ağaclara qulluq göstərmək və ətraf mühitin təmizliyini qorumaq öyrədilir.
Prezident qeyd edib ki, ölkə əhalisinin hər beş nəfərindən biri məktəbli və ya tələbədir. Sistemli yanaşma nəticəsində 2050-ci ilədək Özbəkistan əhalisinin dörddəüçünün təbiət mərkəzli təhsil alması nəzərdə tutulur.
Beləliklə, ölkənin ekoloji siyasəti təkcə bərpaolunan enerji mənbələrinin inkişafını və emissiyaların azaldılmasını deyil, həm də su ehtiyatlarına qənaəti, torpaqların bərpasını, tullantıların idarə olunmasını və ekoloji təhsili əhatə edir.