Bakı. Trend:
Türkmənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransının 31-ci sessiyasında (COP31) Paris Sazişinin məqsədlərinə sadiqliyini təsdiqləyib.
Türkmənistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə “İqlim məlumatlarından texnologiyalara: Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin tələblərinə riayət olunması üçün Türkmənistanın potensialının gücləndirilməsi” adlı tematik sessiyada bəyan edilib.
Sessiya Türkmənistanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə təşkil olunub.
Sessiya zamanı Türkmənistanın xarici işlər naziri iqlim dəyişikliyi ilə mübarizə üzrə praktiki tədbirlərin həyata keçirilməsi üçün etibarlı iqlim məlumatlarının və müasir texnologiyaların əhəmiyyətini vurğulayıb.
O həmçinin Türkmənistanın Mərkəzi Asiya üçün Regional İqlim Texnologiyaları Mərkəzinin yaradılması təşəbbüsünü qeyd edib. Mərkəzin beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bütün regionda innovativ həllərin tətbiqi üçün platformaya çevriləcəyi nəzərdə tutulur.
Bundan əlavə, iştirakçılar iqlim məlumatlarının toplanması, təhlili və təqdim edilməsi üzrə milli sistemlərin təkmilləşdirilməsi, eləcə də iqlim göstəricilərinin monitorinqi və qiymətləndirilməsi üçün müasir vasitələrin tətbiqi yollarını müzakirə ediblər.
Paris Sazişi çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üzrə milli səylər barədə hesabatlılığın institusional potensialının gücləndirilməsinə və şəffaflığın artırılmasına xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Paris Sazişi 2015-ci ilin dekabrında Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) qəbul edilmiş və 2016-cı il noyabrın 4-də qüvvəyə minmiş iqlim dəyişikliyi ilə bağlı beynəlxalq müqavilədir.
Saziş sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə qlobal orta temperatur artımını 2°C-dən xeyli aşağı səviyyədə saxlamağı, həmçinin bu artımı 1,5°C ilə məhdudlaşdırmaq üçün səylər göstərməyi hədəfləyir.
Sazişə əsasən, ölkələr milli iqlim hədəfləri müəyyən etməli və onları mütəmadi olaraq yeniləməli, istixana qazı emissiyalarının azaldılması sahəsində əldə olunan irəliləyişlər barədə hesabat verməli və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma tədbirlərini müəyyən etməlidirlər.