Bakı. Trend:
UNEC-in yeni rəsmi saytının təqdimatı keçirilib.
Müasir dizaynı, çoxsaylı yenilikləri və geniş funksional imkanları ilə seçilən yeni unec.edu.az platforması UNEC-in müasir universitet modelini, rəqəmsal idarəetmə fəlsəfəsini və qlobal hədəflərini əks etdirir. Saytın əsas məqsədi universitetin akademik və elmi potensialını, təhsil imkanlarını, beynəlxalq əlaqələrini, innovativ layihələrini, tələbə həyatını və nailiyyətlərini vahid rəqəmsal məkanda daha sistemli, operativ və əlçatan təqdim etməkdir.
Yeni sayta Çin, ərəb və türk dilləri əlavə olunaraq dil sayı 6-ya çatdırılıb. Bu yenilik UNEC-in müxtəlif ölkələrdən olan tələbələr, alimlər, tədqiqatçılar və beynəlxalq tərəfdaşlar üçün əlçatanlığını artıraraq qlobal tanıtım imkanlarını genişləndirir.
Fakültə və tədqiqat mərkəzləri üçün ayrıca subdomenlərin yaradılması da mühüm yeniliklərdəndir. Bu, onlara öz səhifələrini müstəqil idarə etmək, məlumatları operativ yeniləmək, akademik və elmi fəaliyyətlərini, beynəlxalq əməkdaşlıqlarını sərbəst təqdim etmək imkanı verir.
Elmi fəaliyyətin təqdimatında da yeni imkanlar yaradılıb. Universitetin elmi jurnalları, beynəlxalq konfransları və digər elmi resursları ilə yanaşı, AVESİS – Akademik Məlumat İdarəetmə Sisteminə birbaşa keçid təmin edilib. İstifadəçilər bu keçid vasitəsilə professor-müəllim heyətinin elmi profilləri, nəşrləri və tədqiqat istiqamətləri ilə tanış ola bilirlər.
Yeni sayt UNEC-in açıq universitet fəlsəfəsini rəqəmsal müstəvidə gerçəkləşdirən, universitetlə dünya arasında informasiya və kommunikasiya körpüsü yaradan platformadır. O, UNEC-in yalnız bugünkü fəaliyyətini deyil, gələcək inkişaf istiqamətlərini, qlobal ambisiyalarını və beynəlxalq akademik mühitdə artan rolunu da əks etdirir. UNEC dünyaya inteqrasiya edən, gələcəyini rəqəmsal imkanlarla formalaşdıran açıq universitet modelini inkişaf etdirmək yolunda növbətini adıımını atmış oldu.