Bakı. Trend:
Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Evinin rəhbəri, bəstəkar, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Günay Mirzəyeva çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən danışıb. Bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi, xüsusilə Şuşanın alınması Azərbaycanın tarixinə ən şərəfli səhifələrdən biri kimi yazılıb. Bu möhtəşəm Zəfərin minlərlə şəhidimizin canı və qanı bahasına əldə edildiyini vurğulayıb.
Tədbirdə Birinci Qarabağ müharibəsinin şəhidi Şahin Qənaət oğlu Nəcəfovun xatirəsi də ehtiramla anılıb. Şəhidin bacısı Sevda xanım qardaşının həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Avropa Parlamentinin gənc səfiri Aida Vəliyeva Zəfər Gününə həsr olunan geniş təqdimatla çıxış edib. Təqdimatda 44 günlük Vətən müharibəsinin tarixi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də qazanılan Zəfərin xalqımız üçün mənəvi və siyasi əhəmiyyəti ətraflı şəkildə əks olunub.
Tədbirdə Azərbaycan Evinin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdlərinin iştirakı ilə xüsusi proqram da təqdim edilib. Şagirdlər çıxış və təqdimatları ilə Vətənə sevgilərini, milli kimliyə bağlılıqlarını və şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Ştutqart Azərbaycan Evi bu ilin əvvəlində açılıb. Burada soydaşlarımızın milli-mənəvi dəyərlər ətrafında birləşməsi, Azərbaycan həqiqətlərinin tanıdılması və ölkəmizin zəngin tarixinin yaşadılması istiqamətində müxtəlif tədbirlər, mədəni proqramlar və maarifləndirici görüşlər təşkil olunur.




