Bakı. Trend:
"SOCAR AQŞ" MMC "Qərbi Abşeron" yatağında yerləşən 50 saylı platformadan qazılan 83 saylı quyunu uğurla tamamlayaraq sifarişçi “Azneft” İstehsalat Birliyinə təhvil verib.
Bu barədə "SOCAR AQŞ" məlumat yayıb.
Məlumata görə, layihə üzrə quyunun nəzərdə tutulan dərinliyi 1 192 metr olsa da, qazma işləri nəticəsində faktiki dərinlik 1 200 metrə çatdırılıb. Qazma əməliyyatları zamanı geoloji-geofiziki tədqiqatlar aparılıb, QD-3 və QAD məhsuldar horizontlarında lay təzyiqi ölçülüb.
Əldə olunan məlumatların layların geoloji xüsusiyyətlərinin qiymətləndirilməsi və gələcək qazma əməliyyatlarının daha səmərəli planlaşdırılması baxımından əhəmiyyət daşıdığı bildirilib.
Layihə çərçivəsində quyunun istismar kəmərinin diametri 9⅝ düymədək artırılıb, həmçinin açıq lülə intervalında quma qarşı SASS (Single Annulus Sand Screen) süzgəc sistemi tətbiq edilib. Bu texnologiya qum və mexaniki hissəciklərin quyuya daxil olmasını məhdudlaşdırmağa, istismar zamanı yarana biləcək çətinliklərin qarşısını almağa və uzunmüddətli, etibarlı hasilat üçün əlverişli şərait yaratmağa imkan verir.
Qeyd olunub ki, 83 saylı quyunun uğurla qazılması və sifarişçiyə təhvil verilməsi 50 saylı platformanın istismar potensialının reallaşdırılması istiqamətində mühüm mərhələdir.
"SOCAR AQŞ"nin qiymətləndirməsinə görə, layihənin uğurla başa çatdırılması şirkət komandasının peşəkarlığını və mühəndislik təcrübəsini, eləcə də mürəkkəb dəniz qazma layihələrinin icrasında sifarişçi və podratçı şirkətlər arasında səmərəli əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir.
Qeyd edək ki, “Qərbi Abşeron” yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərbində və Abşeron yarımadasının şimalında, Bakı şəhərindən 65 km məsafədə yerləşir. “Qərbi Abşeron” yatağı 1958-ci ildə kəşf edilib və ərazi sərt iqlim və meteoroloji şəraitlə xarakterizə olunur. Strukturun neftlə doyumluluğu məhsuldar zonanın Kirməki və Aşağı Kirməki layları ilə əlaqədardır və həmin laylarda hasilata 1996-cı ildə başlanılıb.