Bakı. Trend:
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9,9 faiz artıb. Müqayisə üçün, 2026-cı ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirlərinin illik artım tempi 9,6 faiz təşkil edib. Beləliklə, oktyabrın yekunlarına əsasən, əhalinin gəlirlərində artım tempi 0,3 faiz bəndi yüksəlib.
Əməkhaqqı göstəricilərində də müsbət dinamika qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Yanvar-avqust aylarında isə orta aylıq nominal əməkhaqqının illik artımı 7,2 faiz səviyyəsində olmuşdu. Beləliklə, sentyabr ayının yekunları üzrə əməkhaqqının artım tempi 0,6 faiz bəndi yüksəlib.
Əhalinin gəlirləri və əməkhaqlarındakı artımla yanaşı, qiymət dəyişiklikləri də diqqət çəkir. Hesabat dövründə istehlak qiymətləri indeksinin artımı, yəni inflyasiya 5,6 faiz təşkil edib. Müqayisə üçün, 2026-cı ilin yanvar-sentyabr aylarında illik inflyasiya 5,7 faiz səviyyəsində qeydə alınmışdı. Bu isə oktyabrın yekunlarına görə inflyasiya tempinin 0,1 faiz bəndi zəiflədiyini göstərir.