Bakı. Trend:
İspaniyada bu il baş verən irimiqyaslı iki sürət qatarı qəzasından sonra maşinistlər dəmir yolu təhlükəsizliyi tələbi ilə 24 saatlıq tətilə başlayıblar.
"Anadolu" agentliyinin məlumatına görə, İspaniyanın dəmir yolu şirkəti "Renfe"də işləyən maşinistlərin üzvü olduğu "Semaf" həmkarlar ittifaqının dəmir yolu təhlükəsizliyində struktur dəyişikliklərinin tətbiqi öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə elan etdiyi üç günlük (10, 12 və 17 noyabr) tətilin birincisi gecə yarısı başlayıb.
Ölkə üzrə 24 saat davam edəcək tətilə görə, Nəqliyyat Nazirliyi dəmir yolu nəqliyyatında minimum xidmətin təmin ediləcəyini açıqlayıb.
Nazirlik şəhətrafı qatar reyslerinin günün pik saatlarında 75 faiz, qalan vaxtlarda isə 50 faiz səviyyəsində xidmət göstərəcəyini, sürətli qatarlarda 72 faiz, yük qatarlarında isə 20 faizlik xidmətin təmin olunduğunu bildirib.
Tətil səbəbilə səhər saatlarında vağzallarda sıxlıq müşahidə olunub, çox sayda qatar reysi ləğv edilib.
İspaniyada mənzil böhranına qarşı işçi həmkarlar ittifaqlarının çağırışı ilə noyabrın 11-də keçiriləcək ümumi tətil də dəmir yolu hərəkətinə təsir göstərəcək.
Xatırladaq ki, əvvəlcə yanvarın 18-də ölkənin cənubundakı Kordova (Kurtuba) şəhərinin Adamuz rayonunda sürətli qatarın relsdən çıxması nəticəsində 46 nəfər həyatını itirib.
İkinci böyük qəza da oktyabrın 28-də Toledo şəhəri yaxınlığındakı Urda rayonunda iki sürətli qatarın toqquşması nəticəsində baş verib və 69 nəfər ölüb.
Toledodakı qəzadan sonra nəqliyyat naziri Oskar Puente Santyaqo istefa vermiş, sol koalisiya hökuməti də dəmir yolu təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər açıqlamışdı.
İspaniyada noyabrın 29-da keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi sabah da ümumi tətilə çıxılacaq.