Bakı. Trend:
Türkiyədə fəaliyyət göstərən STAR Neft Emalı Zavodunda (NEZ) təxminən 6 milyard Türkiyə lirəsi (TL) dəyərində yeni investisiya layihəsinə başlanılır. Layihə çərçivəsində yeni reaktiv yanacaq (Kero-Merox) qurğusunun tikintisi nəzərdə tutulur. Yeni qurğunun istifadəyə verilməsi nəticəsində zavodun illik dizel istehsalının 600 min ton artırılması planlaşdırılır.
Bu barədə "SOCAR Türkiye" məlumat yayıb.
Bildirilib ki, dünyanın aparıcı enerji şirkətlərindən biri olan SOCAR-a məxsus STAR Neft Emalı Zavodu yeni qurğunun layihələndirilməsi, avadanlıqlarla təchizatı və tikintisi (EPC) üzrə beynəlxalq konsorsiumla müqavilə imzalayıb.
Mühəndislik, təchizat və tikinti işlərinin yaxın günlərdə başlanması, layihənin isə 2029-cu ilin birinci rübündə başa çatdırılaraq istismara verilməsi nəzərdə tutulur.
Yeni investisiya STAR Neft Emalı Zavodunun istehsal strukturunda dəyişiklik etməyə və məhsul istehsalı imkanlarını genişləndirməyə imkan verəcək. Belə ki, hazırda reaktiv yanacaq istehsalında istifadə olunan mövcud KHT qurğusunun dizel istehsalı rejiminə keçirilməsi planlaşdırılır. Reaktiv yanacaq istehsalı isə yeni Kero-Merox qurğusunda həyata keçiriləcək.
Bu dəyişiklik nəticəsində zavodun illik dizel istehsalı təxminən 600 min ton artacaq. Eyni zamanda, mövcud KHT qurğusu bazar şərtlərindən asılı olaraq yenidən reaktiv yanacaq istehsalı üçün də istifadə oluna biləcək. Beləliklə, zavod həm dizel, həm də reaktiv yanacaq istehsalının həcmini bazar tələbatına uyğun tənzimləmək imkanlarını genişləndirəcək.
“Petkim”in baş direktoru və “SOCAR Türkiyə”nin Neft Emalı və Neft-Kimya Biznes Bölməsinin rəhbəri Kənan Mirzəyev investisiyanın strateji əhəmiyyətini şərh edərkən bildirib ki, yeni qurğu STAR Neft Emalı Zavodunun istehsal çevikliyini və enerji səmərəliliyini artıracaq.
Onun sözlərinə görə, reaktiv yanacaq istehsalının yeni qurğuya köçürülməsi hesabına illik 600 min ton əlavə dizel istehsalı gücü yaradılacaq. Bu isə məhsul istehsalının bazar şərtlərinə uyğun tənzimlənməsinə imkan verəcək.
K.Mirzəyev qeyd edib ki, təxminən 6 milyard TL həcmində investisiyanın əsas məqsədlərindən biri Türkiyənin xaricdən dizel tədarükündən asılılığını və cari hesab kəsirini azaltmağa töhfə verməkdir.
O bildirib ki, yeni layihə ilə SOCAR-ın Türkiyədəki ümumi investisiyalarının həcmi 20 milyard ABŞ dollarına çatacaq.
Qeyd edək ki, STAR Neft Emalı Zavodu 2018-ci ilin sonunda illik 10 milyon ton emal gücü ilə fəaliyyətə başlayıb. İlkin mərhələdə Türkiyənin istehsal gücünə görə üçüncü böyük neft emalı müəssisəsi olan zavodda son illərdə həyata keçirilən işlər nəticəsində illik emal gücü 13 milyon tona çatdırılıb. Bununla da STAR Türkiyənin ən böyük neft emalı zavoduna çevrilib.
Yeni investisiya layihəsinin də zavodun istehsal imkanlarının genişləndirilməsinə, Türkiyənin yanacaq təminatının gücləndirilməsinə və dizel idxalından asılılığının azaldılmasına töhfə verməsi gözlənilir. Layihənin tikinti və quraşdırma mərhələlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə xüsusi diqqət yetiriləcək.