Bakı. Trend:
"Yaşıl Enerji Dəhlizi" (Green Energy Corridor – GEC) layihəsinin Avropa İttifaqı (Aİ) tərəfindən Qarşılıqlı Maraqlı Layihə (Project of Mutual Interest – PMI) statusu alması üçün Avropa Komissiyasına rəsmi müraciət təqdim edilib.
Bu barədə "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" ("Green Energy Corridor Power Company" – GECO) məlumat yayıb.
Müraciət Avropa İttifaqının Enerji üzrə Trans-Avropa Şəbəkələri (TEN-E) Qaydaları çərçivəsində təqdim olunub.
Layihə Xəzər regionunda istehsal edilən bərpaolunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılması üçün yeni enerji marşrutunun yaradılmasını nəzərdə tutur. Bu çərçivədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə çəkiləcək yüksək gərginlikli sabit cərəyan (HVDC) sualtı kabeli və müvafiq quru infrastruktur vasitəsilə birləşdiriləcək.
Şirkətin məlumatına görə, layihəyə Qarşılıqlı Maraqlı Layihə statusunun verilməsi onun Avropa İttifaqı və tərəfdaş ölkələr üçün strateji əhəmiyyətinin tanınmasına imkan yaradacaq. Bu status, həmçinin Aİ-nin dəstəyindən daha geniş istifadə, icazələrin alınması prosesinin sadələşdirilməsi və layihənin inkişaf mərhələsində investorların etimadının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bildirilib ki, müraciət GECO-nun səhmdarları – “AzərEnerji”, Gürcüstan Dövlət Elektroenergetika Sistemi (Georgian State Electrosystem), “Transelectrica” və “MVM” şirkətlərinin sıx əməkdaşlığı nəticəsində hazırlanıb.
Şirkət Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə, Avropa Komissiyasına və texniki tərəfdaşlarına layihəyə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Hazırda müraciətin qiymətləndirilməsi prosesinin növbəti mərhələsi gözlənilir. Layihənin həyata keçirilməsi regionda və Avropada enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və karbon emissiyalarının azaldılmasına töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda keçirilən forumda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri beynəlxalq investorların, maliyyə institutlarının və biznes tərəfdaşlarının diqqətinə təqdim olunub. Tədbirdə layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması, eləcə də yekun investisiya qərarının (FID) qəbuluna hazırlıq müzakirə edilib.
Layihənin texniki-iqtisadi əsaslandırmasına əsasən, elektrik enerjisinin ötürülməsi infrastrukturuna investisiyaların 14,3 milyard avro təşkil edəcəyi proqnozlaşdırılır. Sənəd 2026-cı ilin iyulunda tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə işlənib hazırlanma mərhələsindədir. Araşdırmaya görə, layihənin ümumi ötürmə gücü 3,9 giqavat (GVt) təşkil edəcək və hər birinin gücü 1,3 GVt olan üç elektrik xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin daxili gəlirlilik normasının (IRR) 11,7% səviyyəsində qiymətləndirildiyi bildirilir.
Proqnozlara əsasən, dəhliz 2032-ci ildən Avropa İttifaqına ildə 8 teravatt-saat (TVt-saat) bərpaolunan elektrik enerjisi ötürə biləcək. 2040-cı ildə isə illik ötürmə həcminin 20 TVt-saata çatacağı gözlənilir. Texniki-iqtisadi əsaslandırmada enerji sistemində ötürmə məhdudiyyətlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin 2032-ci ildən etibarən ildə 315 milyon avronu ötəcəyi proqnozlaşdırılır. Layihənin 2040-cı ilədək karbon qazı emissiyalarını ildə 3,6 milyon ton azaltmağa imkan verəcəyi də qeyd olunur.
Elektrik xətlərinin mərhələli şəkildə istismara verilməsi ilə layihənin illik iqtisadi səmərəsinin artacağı gözlənilir. Birinci xəttin 2032-ci ildə istifadəyə verilməsindən sonra bu göstəricinin 860 milyon avro, 2036-cı ildə ikinci xəttin işə düşməsindən sonra 1,8 milyard avro olacağı proqnozlaşdırılır. Üçüncü xəttin 2040-cı ildə istismara verilməsi ilə illik iqtisadi səmərənin 3 milyard avronu ötəcəyi gözlənilir.
Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov layihənin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Azərbaycanın yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevrilməsi strategiyasında layihə xüsusi yer tutur. Onun sözlərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı təşəbbüsə siyasi dəstək bir daha ifadə olunub. Layihənin Avropa elektrik şəbəkəsinin inkişafı üzrə Onillik Şəbəkənin İnkişafı Planına (TYNDP) daxil edilməsi və Ortaq Maraqlar Layihəsi (PMI) statusunun əldə olunması istiqamətində görülən işlərin də investisiya perspektivlərini gücləndirdiyi bildirilib. Təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılır. Layihə regionda ən azı 8 GVt gücündə bərpaolunan enerji istehsalı imkanlarının inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına şərait yarada bilər.
Qara dənizdə 2 200 metrədək dərinlikdə sualtı elektrik kabellərinin çəkilməsi layihənin əsas texniki çağırışlarından biri hesab olunur. Bu səbəbdən mürəkkəb dəniz şəraitində işlərin aparılması üçün qabaqcıl texnoloji həllərin tətbiqi nəzərdə tutulur.
Layihənin kommersiya dayanıqlılığını təmin etmək üçün tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin tətbiqi nəzərdən keçirilir. Modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanması planlaşdırılır. Pərviz Şahbazov beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib. “Məqsədimiz ‘Yaşıl Enerji Dəhlizi’ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır”, – nazir qeyd edib.
Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və layihə üzrə yekun investisiya qərarının qəbuluna hazırlıq çərçivəsində növbəti addımlar razılaşdırılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Təşəbbüs 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış strateji tərəfdaşlıq sazişi çərçivəsində yaradılıb.
Layihənin hazırlanması ilə Buxarestdə qeydiyyatdan keçmiş "Green Energy Corridor Power Company" (GECO) birgə şirkəti məşğul olur. Şirkət dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsusdur. Azərbaycanı “AzərEnerji”, Gürcüstanı "Georgian State Electrosystem", Rumıniyanı "Transelectrica", Macarıstanı isə MVM təmsil edir. Hər bir iştirakçının şirkətdəki payı 25% təşkil edir.
Layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Onillik Şəbəkənin İnkişafı Planına 1248 və 1244 nömrələri ilə daxil edilib. Layihənin növbəti mərhələsində icra planının hazırlanması, maliyyələşdirmə imkanlarının dəqiqləşdirilməsi və 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.