Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri və Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış etməsi iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini bir daha nümayiş etdirdi. Son dövrlər Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmağa, iki xalqın qardaşlıq münasibətlərində süni fikir ayrılığı görüntüsü yaratmağa çalışan cəhdlərin fonunda dövlət başçılarının Şuşadan verdiyi mesajlar xüsusi siyasi əhəmiyyət daşıyır.
Əslində, Ankara ilə Bakı arasındakı münasibətlər ayrı-ayrı siyasi hadisələrdən və gündəlik müzakirələrdən daha geniş məzmun daşıyır. Bu əlaqələr ortaq tarixə, mədəniyyətə, dilə, mənəvi dəyərlərə, eləcə də uzun illər ərzində formalaşmış qarşılıqlı etimada əsaslanır. İki ölkənin İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi həmrəylik isə bu münasibətlərin yalnız tarixi və mənəvi deyil, həm də strateji xarakter daşıdığını təsdiqləyib.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Rəcəb Tayyib Ərdoğanın məhz 8 Noyabrda Azərbaycana gəlməsi və işğaldan azad edilmiş əraziləri ziyarət etməsi xüsusi rəmzi əhəmiyyət daşıyırdı. Altı il əvvəl Azərbaycan Ordusunun Şuşanı azad etməsi müharibənin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri olmuşdu. Həmin günlərdə Türkiyə Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan etmiş, siyasi və mənəvi dəstəyini açıq şəkildə nümayiş etdirmişdi. Bu gün isə Türkiyə Prezidentinin Zəfər Günündə Şuşada olması həmin dəstəyin davamlı xarakter daşıdığını göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət çəkdi. Dövlət başçısı Türkiyənin müharibənin ilk saatlarından Azərbaycanın yanında olduğunu xatırladaraq Ərdoğanın tarixi bəyanatını yada saldı: "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır". Bu sözlər Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Çünki müharibənin ilk günlərində Türkiyənin mövqeyi Azərbaycanın beynəlxalq müstəvidə siyasi və mənəvi dəstək gördüyünü nümayiş etdirirdi. Dövlətimizin başçısının həmin bəyanatı yenidən xatırlatması isə iki ölkə arasındakı münasibətlərin ayrı-ayrı siyasi dövrlərdən asılı olmadığını, ortaq tarixi sınaqlarla möhkəmləndiyini göstərirdi", - o bildirib.
A.Qarayev qeyd edib ki, əslində, Azərbaycan-Türkiyə münasibətlərinin əsas gücü də məhz buradan qaynaqlanır. Bu əlaqələr yalnız dövlətlərarası əməkdaşlıq, iqtisadi maraqlar və siyasi razılaşmalar üzərində qurulmayıb. Ortaq dil, tarix, mədəniyyət, mənəvi dəyərlər və xalqların bir-birinə bağlılığı münasibətlərin fundamental əsasını təşkil edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dünyada bir-birinə bu qədər bağlı olan xalqlar və dövlətlər çox azdır.
"Bu qardaşlığın hüquqi və siyasi baxımdan ən mühüm təsdiqlərindən biri 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi oldu. Sənəd Azərbaycan və Türkiyə münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. Bununla da əsrlər boyu formalaşan qardaşlıq münasibətləri müasir dövrün çağırışlarına uyğun strateji çərçivə qazandı. Prezident İlham Əliyev Şuşadakı bəyanatında bu sənədin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi: "2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır". Dövlət başçısı bununla da Azərbaycan-Türkiyə müttəfiqliyinin yalnız tarixi və mənəvi bağlılığa deyil, həm də möhkəm siyasi iradəyə söykəndiyini vurğuladı. Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini strateji müstəvidə rəsmiləşdirməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirdi.
Prezident İlham Əliyev iki ölkə arasındakı birliyin qorunmasına toxunarkən daha bir mühüm mesaj verdi: "Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". Bu bəyanatın diqqətçəkən tərəfi Azərbaycan-Türkiyə münasibətlərinin qorunmasını hər iki ölkənin ortaq məsuliyyəti kimi təqdim etməsidir. Prezidentin fikirlərində həm xalqların tarixi bağlılığına, həm də dövlətlərarası münasibətlərin siyasi iradə ilə möhkəmləndirilməsinə xüsusi yer ayrılır. Bu, həm də kənardan münasibətlərə təsir göstərmək cəhdlərinə qarşı iki ölkənin ortaq mövqeyinin ifadəsidir", - o bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni mövqeyi ifadə edərək Şuşa Bəyannaməsindən sonra müttəfiqlik münasibətləri ilə möhkəmlənən qardaşlığın zəiflədilməsinə yönələn cəhdlərin nəticəsiz qalacağını bildirdi. Beləliklə, hər iki liderin çıxışlarında eyni siyasi mesaj ön plana çıxdı: Azərbaycan-Türkiyə müttəfiqliyi keçmişin sınaqları ilə möhkəmlənib və gələcək üçün ortaq iradəyə əsaslanır.
Politoloq vurğulayıb ki, Ərdoğan Qarabağın bərpası məsələsinə də xüsusi diqqət ayırdı.
"O, Azərbaycanın azad edilmiş ərazilərdə apardığı quruculuq işlərini yüksək qiymətləndirdi və Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini bildirdi. Türkiyə Prezidentinin Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və "Ağıllı Tingçilik" Müəssisəsinin yaradılmasını, Ağdamda məktəb tikintisinə başlanmasını xatırlatması əməkdaşlığın konkret nəticələrini göstərirdi. Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan-Türkiyə tərəfdaşlığı yalnız siyasi bəyanatlarla məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr, infrastrukturun qurulması, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq qardaşlığın real nəticələrini ortaya qoyur. Türkiyənin Qarabağın yenidən qurulmasında iştirakı həm də bölgənin gələcək inkişafına ortaq töhfə vermək istəyinin göstəricisidir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı ikitərəfli münasibətlərin hüdudlarını aşaraq Türk dünyasının birliyinə də təsir göstərir.
"Ərdoğan Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirdi və təşkilatın daha güclü, institusional quruma çevrilməsi üçün Türkiyənin səylərini davam etdirəcəyini bildirdi. Bu, iki ölkənin yalnız öz münasibətlərini deyil, daha geniş coğrafiyada əməkdaşlıq imkanlarını inkişaf etdirmək niyyətini ortaya qoyur. Prezident İlham Əliyevin səfərin əsas nəticəsi ilə bağlı səsləndirdiyi fikir isə bütün bu mesajları ümumiləşdirirdi: "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır". Bu bəyanat səfərin siyasi və mənəvi məzmununun əsas ifadəsinə çevrildi. Çünki görüşlər, müzakirələr, birgə ziyarətlər və verilən açıqlamalar eyni məntiqi tamamlayırdı: Azərbaycan və Türkiyə münasibətləri möhkəm tarixi təmələ söykənir və gələcəkdə də strateji müttəfiqlik xətti üzrə inkişaf edəcək. Ərdoğanın Zəfər Günündə Qarabağa səfəri bir daha göstərdi ki, Azərbaycan və Türkiyənin qardaşlığı tarixi sınaqlardan keçərək daha da möhkəmlənib. Müharibə zamanı nümayiş etdirilən həmrəylik bu gün quruculuq, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və Türk dünyasının birliyi istiqamətində davam edir. Şuşadan verilən mesaj isə aydındır: iki dövlətin ortaq maraqları, qarşılıqlı etimadı və qardaşlıq bağları gələcək münasibətlərin də əsas dayağı olaraq qalacaq", - politoloq əlavə edib.